GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Metroda retro nəğmələrimizin səsləndirilməsi layihəsi zamanında necə gözəl musiqi mədəniyyətimizin olduğunu hər saniyə, hər dəqiqə, hər saat, hər gün yenidən sübut edir. Stansiyada addımlayıram və fonda səslənir: “Sənə olan eşqimi sənə də alçaltmaram…” Sətirlərin, bəstənin, ifanın gözəlliyi bu misraları bir daha düşünməyə və müasir dövrlə müqayisəyə sövq edir. Vaxtilə sevgiyə verilən dəyərə baxın ki, öz sevdiyinə belə ona qarşı olan sevgisini alçaltmağa imkan vermir. Bir də indiki dövrün sevgisinə baxırsan, nəinki alçaltmaq, yersiz tələblər, istəklər, hərislik ucbatından ayaqlar altında süründürülür…
İndiyə kimi sevib-sevilənlər bu dünyadan həqiqi “məhəbbət payı”n aldı – bu fikirdə böyük bir həqiqət var. Bundan sonrakı dövr üçün isə sevgi maddiyyat başda olmaqla, sadalanacaq bir neçə xüsusiyyətləri özündə birləşdirən “şirin” oyundur…
Nostalji hisslərdən ayrılıb, özümü düşünməyə məcbur edirəm: sevgi nə vaxt bu qədər ucuzlaşdı? Keçmişdə sevgi səssiz, amma dərin idi, nümayiş olunmurdu, sadəcə göstərişsiz yaşanırdı. Sevdiyini qoruyardın, onu hamının gözü önündə deyil, qəlbin ən toxunulmaz yerində saxlayardın. Sevgidə tələsmək yox, gözləmək vardı, israr yox, səbir vardı. İndi isə sevgi bir həvəsə başlayır, tez də tükənir, sanki vaxtı qabaqcadan müəyyən edilmiş bir razılaşmadır.
Hətta zamanında ayrılıq belə ləyaqətlə yaşanırdı, bəs indi? Çox sadə… Münasibətlər bitəndə hörmət də bitir. Əvvəlki dövrdə sevgi insanı böyüdürdü, müasir dövrdə isə çox vaxt yorur və kiçildir. O sevgi insanı dəyişirdi, bu sevgi isə daha çox nəsə tələb edir. Bəlkə də problem zamanlarda deyil, insanların sevgiyə baxışındadır. Amma bizim gözümüzdə çox uzaq keçmişə söykənən musiqilərimizin misraları sübut edir ki, sevgi bir vaxtlar doğrudan da incə, saf və ağır çəkili bir duyğu olub. Bəlkə də bu nəğmələr bizə xatırladır: sevgi oyun, udub-uduzmaq məsələsi deyil, qorunası bir dəyər, gələcəyimizə ötürüləcək ən layiqli mirasdır. Şərt deyil ki, bu sevgi yalnız bir qızla bir oğlan arasında yaşana… Təəssüf ki, hazırda doğmalara – övlada, anaya, ataya, bacıya, qardaşa, əmiyə, bibiyə, dayıya, xalaya, nənəyə, babaya o istək, əvvəl olduğu qədər deyil. Hər birinin altında irili-xırdalı maraqlar, təmənnalar yatır.
Bundan bir nəsil sonrakı dövrü düşünmək isə dəhşətvericidir. Elə ona görə də heç olmasa gələcəyimizə buraxacağımız sevgi, eşq, məhəbbət mirasına sadiq olaq, onu qoruyaq və bir-birimizi sevək. Ən azından cəhd edək, səy göstərək, çalışaq…
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.