ain.az, 525.az portalına istinadən məlumat yayır.
“Ötən il Azərbaycan və Fransa prezidentləri arasında müxtəlif beynəlxalq platformalar çərçivəsində bir neçə görüş olub. Hər dəfə də Fransa lideri Emmanuel Makron Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Amma əməldə Parisin tamamilə fərqli münasibət sərgilənməsinə şahidlik edirik. Xüsusilə Fransa qanunverici orqanında dəfələrlə Azərbaycan əleyhinə qərəzli, beynəlxalq hüquqa zidd sənədlər qəbul edilib. Erməni separatçılarla bağlı qəbul edilən sonuncu qətnamə də bunu göstərir”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Qeyd edək ki, Fransa Milli Assambleyası bir neçə gün əvvəl “Azərbaycan tərəfdə saxlanılan erməni əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran” qətnamə qəbul edib. Sənəd Fransa-Ermənistan Dostluq Qrupu adından parlamentari Loran Vokye tərəfindən irəli sürülüb və 183 senator tərəfindən yekdilliklə dəstəklənib. Bu fakt Parisin regionda sülhdə deyil, gərginlikdə maraqlı olduğunu göstərir.
A.Əlizadə bildirib ki, Fransanın qanunverci orqanında Azərbaycana qarşı ədalətsiz mövqe tutanların sayı çoxdur, eyni zamanda, burada erməni lobbisinin də təsiri var:
“Bu ölkədə erməni lobbisi kifayət qədər güclüdür. Qanunverici orqanda təmsil olunanlar seçkilərdə erməni lobbisinin maddi imkanlarından yararlanırlar deyə onların sifarişlərini də yerinə yetirmək məcburiyyətindədirlər. Azərbaycana qarşı bu cür sənədlərin qəbulunda qeyd etdiyim amil əhəmiyyətli rol oynayır. Təbii ki, bu, heç bir önəm daşımır və ölkəmizin atdığı addımlara xələl gətirə biləcək sənəd deyil. Amma istənilən halda iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Azərbaycan dəfələrlə Fransa ilə münasibətlərin normal məcrada inkişaf etməsində maraqlı olduğunu bəyan edib, Fransa səfiri də bu mövqedən çıxış edib. Bununla belə, təəssüflər olsun ki, artıq neçənci dəfədir ki, Azərbaycan əleyhinə sənədlərin qəbuluna şahidlik edirik. Bu isə dediyim kimi, dövlətlər arasındakı münasibətlərə ciddi şəkildə xələl gətirir. Makron hakimiyyətindən sonra gözləntimiz odur ki, Fransa-Azərbaycan münasibətləri normal məcrada inkişaf etsin. Çünki Makrondan əvvəlki dönəmlərdə iki ölkənin indikindən çox yaxşı münasibətləri olub”.
Deputat əlavə edib ki, Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyət göstərir, mədəni əlaqələr hər zaman yüksək səviyyədə olub. Azərbaycan dövləti, Heydər Əliyev Fondu Fransanın tarixi və dini abidələrinin bərpası üçün maliyyə yardımı göstərib. A.Əlizadə hesab edir ki, bütün bunların müqabilində bu cür düşmən mövqeyinin sərgilənməsi – bunun başqa adı yoxdur -, heç bir halda başadüşülən deyil, yalnız təəssüf doğurur.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.