"Football-plus.az" bildirir ki, “Barselona”nın tarixən özü üçün münasib rəqib sayılan “Elçe” ilə oyunda hansısa çətinlik çəkdiyini demək olmaz. Sadəcə, kataloniyalılar hədsiz çox qol imkanını əldən verdi. Onlar elə ilk yarıda ən azı 4 qol vurmalıydılar, ikisini vurdular. Lider oyunun lap əvvəlində hesabı açdı, ancaq yarım saatın tamamında “Elçe” nadir əks-hücumların birində bərabərlik qolunu vurdu. Fasiləyə yaxın növbəti dəfə irəli çıxan “Barsa” bir daha üstünlüyü əldən vermədi. Ancaq qələbəyə əmin olmaq üçün daha bir qol lazım idi. Üçüncü qol 70-ci dəqiqədən sonraya təsadüf etdi. Bununla da intriqa öldü. Düzdü, “Elçe”nin oyunçuları arabir irəli atılır, vəziyyəti dəyişməyə çalışırdılar. Ancaq 3:1 hesabı sona qədər dəyişmədi.
“Real” “Barsa”nın təqibini davam etdirir. Bu komandalar arasındakı xal fərqi yenidən 1-ə endi. Hərçənd “ağ şimşəklər” autsayderlərdən “Rayo Valyekano” ilə oyunda xal itirməyə çox yaxın idi. Arbelonanın komandası erkən qol vurdu və zahirən oyunun axarına tam nəzarət edirdi. Ancaq 2-ci hissənin əvvəlində qonaqlar hesabı bərabərləşdirəndən sonra “Real”ın problemləri üzə çıxmağa başladı. Madridlilər təhlükəli vəziyyətləri bir-birinin ardınca boşa verirdi. “Rayo” isə hesabı qorumaqla yanaşı, əks-hücumlarla cavab verməyə çalışırdı. Təzyiqi artıran meydan sahibləri 90+10-cu dəqiqədə penalti qolu sayəsində qələbə qazandı. Buna qədər, konkret 80-ci dəqiqədə qonaqlardan Siss meydandan qovulmuşdu.
“Atletiko” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırsa da, elitada qalmaq uğrunda mübarizə aparan “Levante” ilə oyundakı qolsuz heç-heçəni “hindular”ın hesabına yazmaq olmaz. Qonaqlar ilk yarıda dominantlıq etsəl’r də, hücumun son mərhələsində keyfiyyət çatışmırdı. Sörlotun 27-ci dəqiqədə başından zədə alaraq meydanı tərk etməsi “Atletiko”nun əhval-ruhiyyəsini korladı. Hər halda, hücumlar 2-ci hissədə da davam etdi. Bununla belə, sanki Madrid nəhəngi həftəiçi “Bude/Qlimt”dən aldığı şok məğlubiyyətin təsirindən ayılmamışdı. Sonda qeydə alınan 0:0-ı oyunun məntiqi axarına uyğun saymaq olar.
“Atletik”lə “Real Sosyedad” da qalibi müəyyənləşdirə bilmədi. İlk yarıda qonaqlar daha yaxşı təsir bağışladı. Fasiləyə az qalmış Qedeş hesabı açdı. Fasilədən sonra Oyarsabal fərqi artırmaq imkanını qaçırdı. “Atletik” isə get-gedə təzyiqi artırırdı. Hər iki baş məşqçi əvəzetmələrlə oyunun axarına təsir göstərməyə çalışdı. Valverdenin gedişləri işə yaradı, Mataratso isə səhv etdi. Onun 60-cı dəqiqədə meydana buraxdığı Mendes 20 dəqiqə sonra birbaşa “qırmızı” ilə qovuldu. 46-cı dəqiqədə oyuna qoşulan De Qalarreta sona yaxın hesabı bərabərləşdirdi. Əslində bu heç-heçə qələbəyə ehtiyac duyan komandalardan heç birinə sərf etmədi.
Turun qalan oyunlarına gəlincə, “Espanyol”u gözlənilmədən səfərdə məğlub edən “Alaves” bir neçə pillə irəlilədi. Aşkar autsayder “Ovyedo”nun yüksəlişdə olan “Jirona” üzərindəki qələbəsini də sürpriz saya bilərik. “Osasuna” ilə “Vilyarreal” məhsuldar, “Xetafe” ilə “Selta” qolsuz heç-heçəyə razılaşdı. “Valensiya”nı məğlub edən “Xetafe” isə avrokuboklara vəsiqəyə iddiasını qorumaqdadı.
22-ci tur
Elçe – Barselona 1:3
Rodriges, 29 – Yamal, 6. Torres, 40. Reşford, 72. (31233)
Barselona: X.Qarsiya, Balde, E.Qarsiya, Kubarsi, Kunde (Arauxo, 84), De Yonq, Lopes (Kasado, 85), Olmo (Bernal, 62), Rafinya (Reşford, 46), Yamal, Torres (Levandovski, 62).
Real – Rayo Valyekano 2:1
Vinisius, 15. Mbappe, 90+10-p. – De Frutos, 49. (71051)
Real: Kurtua, Valverde, Asensio (Sebalyos, 46), Höysen (Alaba, 77), Kamavinqa, Gülər (Rodriqo, 77), Çuameni, Bellingem (Dias, 10), Mastantuono (Q.Qarsiya, 60), Vinisius, Mbappe.
Levante – Atletiko 0:0
(20573)
Atletiko: Oblak, Ruceri, Lanqle (Hantsko, 46), Le Norman, Molina, Kardoso, Barrios (Koke, 49), Qonsales (Monserrate, 73), Lyorente (Baena, 59), Almada (Pubil, 58), Sörlot (Alvares, 27).
Espanyol – Alaves 1:2
Fernandes, 15 – Blanko, 27. Boye, 71. (25881)
Ovyedo – Jirona 1:0
Çayra, 74. (20085)
Osasuna – Vilyarreal 2:2
Munyos, 20. Budimir, 45+2 – Moreno, 17-p.; 70. (20455)
Betis – Valensiya 2:1
Avila, 23-p. Fornals, 88 – Rioxa, 20. (57523)
Xetafe – Selta 0:0
(7363)
Atletik – Real Sosyedad 1:1
De Qalarreta, 88 – Qedeş, 37. (48020)
Malyorka – Sevilya 4:1
Muriqi, 26-p. Kosta, 53. Darder, 74. Torre, 90+6 – Maupay, 45+1. (15621)
1. Barselona 22 18 1 3 60-23 55
2. Real 22 17 3 2 47-18 54
3. Atletiko 22 13 6 3 38-17 45
4. Vilyarreal 21 13 3 5 39-23 42
5. Betis 22 9 8 5 36-28 35
6. Espanyol 22 10 4 8 26-27 34
7. Selta 22 8 9 5 29-23 33
8. Real Sosyedad 22 7 7 8 30-30 28
9. Osasuna 22 7 5 10 26-27 26
10. Alaves 22 7 4 11 20-27 25
11. Atletik 22 7 4 11 21-31 25
12. Jirona 22 6 7 9 21-36 25
13. Elçe 22 5 9 8 30-32 24
14. Malyorka 22 6 6 10 28-34 24
15. Sevilya 22 7 3 12 29-37 24
16. Valensiya 22 5 8 9 23-35 23
17. Xetafe 22 6 5 11 16-27 23
18. Rayo Valyekano 22 5 7 10 18-30 22
19. Levante 21 4 6 11 24-34 18
20. Ovyedo 22 3 7 12 12-34 16
Bombardirlər: Mbappe (Real) - 22, Muriqi (Malyorka) – 15, Torres (Barselona) – 12, Budimir (Osasuna) – 10.
Növbəti turun oyunları fevralın 6-9-u aralığında keçiriləcək: Selta – Osasuna, Rayo Valyekano – Ovyedo, Barselona – Malyorka, Sevilya – Jirona, Real Sosyedad – Elçe, Alaves – Xetafe, Atletik – Levante, Atletiko – Betis, Valensiya – Real, Vilyarreal – Espanyol.
Turun rəqəmi
11 – “Real” ilk 22 turda 11 penalti vurub, bu isə İspaniya çempionatında göstərilən zaman kəsiyində bir komandanın xeyrinə təyin olunan penalti sayında rekordun təkrarlanmasıdı. “Barselona” 1950/51, 2015/16, “Atletiko” isə 1978/79 mövsümündə ilk 22 turda 11 penalti yerinə yetirmişdi.
Turun ulduzu
Lamin Yamal (Barselona) – erkən qolla oyunda tempi artırdı, azarkeşlər açıq və təhlükəli vəziyyətlərlə zəngin mübarizə izlədi. Laminin özünün də sonradan qol imkanları oldu, ancaq daha çox oyundaşlarına şərait yaratmağa çalışırdı.
Turun sitatı
Pep Çavarriiya,
“Rayo Valyekano”nun müdafiəçisi (“Real”la oyunun 90+13-cü dəqiqəsində meydandan qovulub): “Bu gün ən kədərli günlərdən biridi – stadionu məyus tərk edirəm. Komandam hörmətə layiqdi. “Rayo” azarkeşləri, sağ olun, hər şeyə və hamıya qarşı mübarizəni davam etdirəcəyik. Allah ədalətlidi, hər şeyi görür. İnanın”.
Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Komandam yenə ilk yarıda yaxşı oynadı, oyunun axarına nəzarət etdik, qol da vura bilərdik. İkinci hissədə isə sıx oyun qrafikinə görə yaranan yorğunluq özünü göstərdi. Artıq meydanda bərabər oyun gedirdi. Rəqibin də, bizim də şanslarımız var idi, ancaq komandalardan heç biri real qol vəziyyəti yaratmadı”.
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Oyunun əvvəli çox xoşuma gəldi. Bir neçə qol imkanını qaçırdıq, ancaq ən vacibi bu 3 xaldı. Əla oyun keçirdik. Hərçənd çox qol vursaydıq, növbəti matçlara görə oyun vaxtını daha effektli şəkildə bölə bilərdik. Yamal bu gün başqalarından seçildi. Onun belə oyununu görmək çox xoşdu”.
Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:
“Bernabeu”ya toplaşan azarkeşlər həmişə problem yaradan rəqiblə oyunda bizi irəli səslədi. Güclü təzyiq göstərdik, hesabı açana qədər top iki dəfə qapı çatından döndü. Qələbənin gətirdiyi inama söykənib, işləmək lazımdı. Mənə bir qədər də vaxt lazımdı. Komanda kimi təkmilləşməyi davam etdirməliyik”.
Fakt
Mbappe cari mövsümdə bütün turnirlər çərçivəsində penaltidən 12-ci qolunu vurdu. Bu, Kriştiano Ronaldonun dönəmindən bəri La Liqada çıxış edən oyunçular üçün ən yüksək göstəricidi. Portuqaliyalı ulduz 2014/15 mövümündə 13 belə qol vurub.