Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Müasir beynəlxalq münasibətlər sistemində dərinləşən qarşıdurmalar, regional münaqişələrin qlobal güclərin toqquşma meydanına çevrilməsi və təhlükəsizlik risklərinin artması fonunda Azərbaycan unikal və son dərəcə həssas geosiyasi məkanda yerləşən dövlət kimi ciddi çağırışlarla üz-üzədir. Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin “The National” nəşrinə verdiyi müsahibə məhz bu mürəkkəb reallığın obyektiv təsviridir”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov bildirib ki, “Vəziyyət proqnozlaşdırılan deyil və buradan qaynaqlana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək olduqca çətindir”, deyən Hikmət Hacıyev, faktiki olaraq, regionda sürətlə dəyişən təhlükəsizlik arxitekturasının yaratdığı strateji risklərə diqqət çəkir: “Hikmət Hacıyevin vurğuladığı kimi, İran və Rusiya arasında, Cənubi Qafqazın mərkəzində yerləşən, enerji ehtiyatları ilə zəngin Azərbaycan sanki “iki dünya müharibəsi arasında sıxılmış” vəziyyətdədir. Bu ifadə təkcə metaforik anlam daşımır, eyni zamanda real geosiyasi mənzərəni dəqiq əks etdirir”.
Nicat İsmayılov
Politoloq qeyd edib ki, hazırda Azərbaycanın birbaşa şimal sərhədlərinə yaxın ərazilərdə Rusiya–Ukrayna müharibəsi davam edir: “Bu müharibə təkcə Avropa təhlükəsizliyini deyil, eyni zamanda Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Xəzər regionunun geosiyasi balansını da ciddi şəkildə dəyişməkdədir”.
“Digər tərəfdən, cənub sərhədlərində Yaxın Şərqdə İran–İsrail qarşıdurması, eləcə də ABŞ-nin bu proseslərdə fəal iştirakı regionu yeni və daha genişmiqyaslı müharibə riskləri ilə üz-üzə qoyur. Belə mürəkkəb bir şəraitdə Azərbaycanın əsas strateji xətti balanslaşdırılmış, praqmatik və çoxşaxəli xarici siyasət kursuna sadiq qalmaqdır. Hikmət Hacıyevin müsahibəsində vurğulanan əsas məqam da məhz Azərbaycanın münaqişələrdən kənarda qalmaq, regional sabitliyə töhfə vermək və qonşu dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan siyasətidir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, ərazi bütövlüyü, suverenlik və dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipləri prioritet hesab edir”-deyən politoloq vurğulayıb ki, bu yanaşma Azərbaycanın İranla münasibətlərində də açıq şəkildə özünü göstərir.
“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkə ərazisi və hava məkanı heç bir halda üçüncü dövlətlərin hərbi əməliyyatları üçün istifadə oluna bilməz. Bu mövqe regional təhlükəsizliyin qorunmasına, münaqişələrin genişlənməsinin qarşısının alınmasına və sülhün təşviqinə xidmət edir”-deyən Nicat İsmayılov bildirib.
Politoloqun fikrincə, eyni zamanda Azərbaycan strateji tərəfdaşlıq və milli maraqlar çərçivəsində İsraillə sıx əlaqələrini davam etdirir: “Enerji, təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq Bakı üçün mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, rəsmi Bakı İranla da iqtisadi, nəqliyyat və kommunikasiya layihələri çərçivəsində əməkdaşlığı genişləndirməyə çalışır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 650 milyon dollara çatması bu münasibətlərin praktiki tərəfinin gücləndiyini göstərir.
Araz çayı üzərində inşa edilən yeni körpü və sərhəd-keçid məntəqəsi də regionda iqtisadi inteqrasiyanın, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu layihə təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Hikmət Hacıyevin müsahibəsində toxunulan daha bir mühüm aspekt İran azərbaycanlıları məsələsidir. Obyektiv müşahidələr göstərir ki, İranda yaşayan milyonlarla azərbaycanlı ölkənin ictimai-siyasi həyatına inteqrasiya olunub və onların əsas tələbləri iqtisadi rifahın yaxşılaşdırılması, sosial ədalətin təmin edilməsi və insan hüquqlarının qorunması ilə bağlıdır. Bu kontekstdə separatizm iddiaları daha çox geosiyasi manipulyasiya xarakteri daşıyır”.
Nicat İsmayılov hesab edir ki, Azərbaycanın mövcud geosiyasi reallıqlar fonunda həyata keçirdiyi xarici siyasət kursu regional sabitliyin qorunmasına, münaqişələrin genişlənməsinin qarşısının alınmasına və milli maraqların maksimum səviyyədə təmin olunmasına yönəlib: “Hikmət Hacıyevin “iki dünya müharibəsi arasında sıxılmışıq” ifadəsi isə təkcə bir diaqnoz deyil, həm də Azərbaycanın hansı dərəcədə mürəkkəb, riskli və məsuliyyətli geosiyasi məkanda yerləşdiyini göstərən obyektiv bir qiymətləndirmədir. Bu reallıqlar fonunda Azərbaycanın praqmatik, tarazlaşdırılmış və milli maraqlara söykənən diplomatik xətti regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçılarından biri kimi çıxış edir”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.