525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyevlə müsahibəni oxucularımıza təqdim edirik.
- Rafiq müəllim, bu yaxınlarda 79 yaşınız tamam oldu. Maraqlıdır, bəzilərinin təqvimdən adi bir gün kimi, bir çoxunun isə əlamətdar tarix kimi qeyd etdiyi doğum günü Sizin üçün nə deməkdir?
- Doğum günü mənim üçün hesabat yox, ruhi vəziyyətdir. Daxili aləmimin həmin an üçün olan vəziyyəti. Heç fikir vermisiz, uşaq vaxtı hamı tez böyüməyə can atır. Elə cavanlıqda da həyatda hər şeyi tez əldə etməyə çalışırıq, sanki zamanla yarışırıq. Həyatın mənasını yalnz yaşa dolanda anlayırıq. Dərk edirik ki, şərt neçə il yaşamaqda yox, necə yaşamaqdadır.
- Çox keşməkeşli həyatınız olub. Bir kənd uşağının şəhərə gəlib kimsənin dəstəyi olmadan akademik həyata atılmağı, qısa müddət ərzində tanınmış ictimai xadimə çevrilməyi yəqin ki, asan başa gəlməyib...
- Əlbəttə, bu pilləyə gəlib çatanadək çətin sınaqlardan keçmişəm. Amma ən çətini bilirsiniz nə oldu? Qarşıya qoyulmuş hədəflərə doğru özünə sadiq qalaraq addımlamaq. Zamanla hər şey dəyişir - dövr də, cəmiyyət də, ideologiya da, idarəçilik də... Əsas şərt insanın öz mənəvi dəyərlərinə, öz düşüncələrinə sadiq qalmasıdır. Çünki mənəviyyatı itirmək bu həyatda hər şeyi itirmək deməkdir.
- Siz dinşünas, alim, filosof, eyni zamanda da publisistsiniz. Bunlardan hansı Sizin üçün daha önəmlidir?-
Əlbəttə ki, fəlsəfə. Çünki fəlsəfə sadəcə peşə deyil, həyat tərzidir. Bu elm sahəsi insana cavabdan öncə düzgün sual verməyi öyrədir. Sual düzgün qoyulmayıbsa, ona cavab axtarmaq mənasızdır. Amma təəssüf ki, bugün müasir dünyamız gənclərə “niyə?”, “nə üçün?” soruşmadan hazır cavablarla yaşamağı təbliğ edir.
- Məqalələrinizin əksəriyyəti müasir dövrün təlatümlərinə, qorxulara, qanlı müharibələrə, dərin böhranlara həsr olunub. Yəni bu qədər pessimist insansınz?
- Əsla! Sadəcə realistəm. Pessimizm məsuliyyətdən qaçmaqdır. Yəni özünü düşdüyün quyudan qurtuluşun olmadığına inandırıb acizliyinlə barışmaqdır. Mən isə əksinə, qarşıdakı təhlükələri, baş verə biləcək faciələri öncədən xəbər verib çıxış yolu axtarmağı təbliğ edirəm. Hansısa fəlakətin bizə doğru sürətlə addımladığını görürəmsə, həyəcan keçirməyim normaldır. Əsas bu həyəcanın isterikaya çevrilməməsidir. Mənim məqsədim oxucunu qorxutmadan düşündürməkdir.
- Siczə, bu gün cəmiyyətin əsas xəstəliyi nədir?
- Mənəvi dəyərlərin itirilməsi. Nə qədər acı da olsa, bu bir həqiqətdir ki, bu gün insan üçün müqəddəs heç nə qalmayıb. Adəm övladı iri addımlarla məhvə doğru gedir. Bəşəriyyəti bu fəlakətdən yalnız təhsil, mədəniyyət, əxlaq xilas edə bilər.
- Keçmişə qayıtmaq imkanınız olsaydı, həyatınızda nəyi dəyişərdiniz?
- İnsanlara qarşı daha mülayim, söz seçimində daha diqqətli olardım. Çünki zamanla anlayırsan ki, bəzən söz insanın qəlbini hansısa əməldən daha çox incidir. Həyatımda peşmançılıq keçirdiyim başqa əməllərim olmayıb. Çünki həmişə vicdanla yaşamışam. Vicdan məsələsində heç vaxt heç kimə güzəştə getməmişəm.
- Oxucu auditoriyasının bir qismi də gənclərdən ibarətdir. Onlara nə demək istərdiniz?
- Onlara tələsməməyi tövsiyə edərdim. Həyatla yarışmayın, ondan zövq alın! Hər anın ləzzətini yaşamağa çalışın. Bəzən bir neçə saniyə həyatımızda yaşanılmış illərdən daha dərin iz qoyur. Bir ömür boyu kimsə xoşbəxt olmur. Xoşbəxtlik anlarla yaşanılır. Odur ki, yaşamağı, düşünməyi, maariflənməyi, dinləməyi öyrənin. Fikirlərinizə, mənəvi dəyərlərinizə sadiq qalın. Düşüncələrinizi səbəbsiz qorxulara, mənşəyi bilinməyən ideologiyalara, sizə gəlir mənbəyi kimi baxan dəb “ixtiraçı”larına qurban verməyin. Həyatınızın müəllifi özünüz olun!
- Bəs özünüzə?
- Allah fikir aydınlığımı qorusun. Qorusun ki, ətrafa bundan sonra da faydalı ola bilim. Və əlbəttə ki, həyata marağım itməsin. Çünki insan hansı yaşda olursa olsun, onun arxasınca gələn nəsil qarşısında məsuliyyət daşıyır. Yaşlı olmaq bizi bu məsuliyyətdən azad etmir.
Nigar QULİYEVA
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.