Rusiya işğalçı qüvvələri Xarkov vilayətində bir kəndi nəzarətə götürüb və digər istiqamətlərdə də irəliləyiş əldə edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “DeepState” analitik portalının məlumatında bildirilir.
Məlumata görə, Rusiya ordusu Xarkov vilayətinin Deqtyarne kəndini işğal edib. Bundan əlavə, düşmən qüvvələrinin Sumı vilayətində Qrabovskoye yaşayış məntəqəsi yaxınlığında, Donetsk vilayətində isə Nikiforovka ətrafında irəlilədiyi qeyd olunur.
“DeepState”in məlumatına əsasən, Rusiya qoşunları Kursk vilayətinin Belovsk rayonu ərazisində yerləşən Milayevka kəndi yaxınlığında da mövqelərini genişləndiriblər.
Xatırladaq ki, daha əvvəl “DeepState” analitikləri Rusiya qüvvələrinin Donetsk vilayətində Pokrovsk və Mirnoqrad şəhərlərində, eləcə də Seversk istiqamətində irəliləyiş əldə etdiyini bildirmişdi. Qeyd olunur ki, Seversk artıq Rusiya qüvvələrinin nəzarəti altındadır və bu istiqamətdən Slavyansk və Kramatorsk istiqamətində hücum cəhdləri davam edir. Pokrovsk və Mirnoqrad da “DeepState” xəritəsində işğal olunmuş ərazilər kimi göstərilir.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 429-cu ayrıca pilotsuz uçuş aparatları briqadası “Axilles”in komandiri Yuri Fedorenko bildirib ki, Rusiya ordusu Xarkov vilayətinin Barvinkovo yaşayış məntəqəsinə çıxmağa çalışır. Məqsəd Dnepr şəhərindən Kramatorsk və Slavyanska gedən logistik xətti bloklamaqdır.
Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin sözçüsü Viktor Tregubov isə qeyd edib ki, Xarkov vilayətinin Kupyansk şəhərində Rusiya qüvvələri hələlik şəhər mərkəzinə yaxın bir məhəllədə mövqelərini saxlayır. Onun sözlərinə görə, daha əvvəl rus qüvvələrinin mövcud olduğu digər ərazilər Ukrayna hərbçiləri tərəfindən təmizlənib.