AZ

Yağıntılı havalarda tıxaclar nə üçün kritik həddə çatır?

Qışın yağışlı və qarlı günlərində mövcud tıxaclar daha da ağırlaşır. Təəssüf ki, belə hava şəraitində yol qəzalarının sayı daha çox artır. Bəs yağıntılı havalarda tıxacların daha kritik həddə çatmasının əsas səbəbləri nədir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, yağışlı havalarda sürücülərin çaşbaş qalmaları qeyri-peşəkarlıqdan irəli gəlir:

Elməddin

“Peşəkar sürücülər, qarlı, buzlu, yağışlı havalarda necə davranmalı olduqlarını yaxşı bilirlər. Qəzadan yayınmaq üçün yol və hava şəraitinə uyğun sürət seçilməlidir. Sürətə meyilli sürücülər adətən hadisə törədənlərdir. Sürət böyük təhlükədir, risk yaradır. Bu da yaxşı hal deyil. Bu səbəbdən ilk olaraq sürət həddinə nəzarət etmək lazımdır. Təhlükəli manevrlərdən uzaq durulmalıdır. Avtomobilə zamanında texniki qulluq olmalıdır. Təkərlərin vəziyyəti yaxşı olmalıdır ki, sürücü müxtəlif təhlükəli manevr etmək məcburiyyətində qalanda qəzaya uğramasın. Bəzən bu kimi məsələlərə biganə yanaşırlar. Nəticədə qəzalar baş verir”.

E.Muradlı bildirib ki, yolların vəziyyəti heç də ürəkaçan deyil: “Yağış suları toplanır, gölməçələr yaranır. Sürücülər bunu aydınlaşdıra bilmir ki, harda gölməçə var və oradan necə keçmək olar... Nəticədə bilərəkdən və ya bilməyərəkdən çətinliklərlə üzləşirlər. Bu səbəbdən yol infrastrukturu yaxşı vəziyyətdə olmalıdır. Yağışlı havalarda sürət həddi aşağı düşdüyünə görə, bəzən təcrübəsiz sürücülərlə yanaşı təcrübəlilər də də eyni reaksiyanı verirlər. Nəticədə sıxlıq yaranır. Normal sürətlə gedə biləcəkləri yolu belə bəzən aşağı hədlə gedirlər, qorxurlar. Çünki maşınlarına bələd deyillər. Bilirlər ki, təkərlər bərbad vəziyyətdədir. Sürüş təcrübəsi yüksək səviyyədə deyil. Digər bu kimi problemlər səbəbindən lazımsız yerdə tıxaclarla üzləşirik. Sürücülər, təəssüf ki, bir hərəkətlə bütün problemləri həll edə bilməzlər. Hadisələrə hərə bir cür yanaşır. Belə havalarda sürüş təcrübəsi az olanların yola çıxmasını tövsiyə etmirəm. Daha çox ictimai nəqliyyata üstünlük versələr yaxşı olar”.

 

Şəhanə Quliyeva

Tarix: 6 Fevral 2026, 08:43   
Seçilən
13
pravda.az

1Mənbələr