AZ

Tələbələr üçün maarifləndirici tədbir keçirilib » AzadMedia.az

Tələbələr


Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının əməkdaşları Emiliya İgidova və Aytən Mütəllimzadə tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Binəqədi Gənclər Evində gənclər üçün interaktiv maarifləndirici təlim keçirilib .
“Gənclər arasında mobil telefon asılılığı” və “Kiberzorakılığa psixoloji baxış” mövzularını əhatə edən təlim proqramı iki hissədən ibarət olub.

Təlimin birinci hissəsində Psixologiya kafedrasının müəllimi Emiliya İgidova gənclər arasında mobil telefon asılılığının psixoloji fəsadları, emosional vəziyyətə, sosial münasibətlərə və gündəlik fəaliyyətə mənfi təsirləri barədə elmi-nəzəri məlumatlar təqdim edib. Rəqəmsal oyun asılılığının gənclər arasında yayılma səbəbləri, onun mexanizmləri və psixoloji nəticələri müzakirə olunmuş, bu asılılığın gənclərin real həyatda özünüreallaşdırma imkanlarını məhdudlaşdırması, aqressiv davranışlara, sosial təcridə və emosional tükənməyə səbəb ola bilməsi vurğulanıb .



Gənc iştirakçıların özünüifadə və refleksiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə metaforik assosiativ kartlardan (MAK) istifadə olunmaqla art-terapiya üsulları tətbiq edilmişdir. Təlim iştirakçıları öz mobil telefon və oyun istifadə vərdişlərini dəyərləndirmiş, gündəlik ekran vaxtları birlikdə müzakirə edilmiş və mobil texnologiyalardan daha balanslı, məqsədyönlü və faydalı şəkildə istifadə yolları barədə onlara praktiki tövsiyələr verilib.
Təlimin ikinci hissəsində Psixologiya kafedrasının müəllimi Aytən Mütəllimzadə tərəfindən kiberzorakılıq anlayışının mahiyyəti, onun əsas formaları, psixoloji travmalar yaratma mexanizmləri və fərdin psixi sağlamlığına təsirləri barədə ətraflı məlumat verilmişdir. Təlimçi tərəfindən iştirakçılara kiberzorakılığa məruz qalan şəxslərin (kiberzorakılığın qurbanlarının) psixoloji vəziyyəti izah edilmiş və onlara sosial-mənəvi dəstəyin göstərilməsinin əhəmiyyəti barədə məlumat verilmişdir. Qurbanların depressiv əhval-ruhiyyə, sosial təcrid, stress, qorxu və narahatlıq halları ilə üzləşə biləcəyi, ən ağır hallarda isə bu vəziyyətin intihar davranışı ilə nəticələnə biləcəyi izah edilmişdir. İştirakçılara kibercinayətkarların psixoloji portreti və davranış tipologiyaları təqdim olunmuş, eyni zamanda kiberməkanda qarşılaşıla biləcək risklərdən qorunma yolları izah edilmişdir. Mövzunun daha dərindən mənimsənilməsi məqsədilə real həyat nümunələrinə əsaslanan keyslər üzərində iş aparılmış, rollu oyunlar vasitəsilə praktik məşğələlər həyata keçirilib

Təlimin sonunda gənclər kiberməkanda yaşadıqları şəxsi təcrübələri bölüşmüş, kiberzorakılıq halları qarşısında nümayiş etdirdikləri davranış reaksiyaları və mümkün alternativ yanaşmalar birlikdə müzakirə edilib



Seçilən
19
1
azadmedia.az

2Mənbələr