2026 Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək və turnir rəsmi olaraq sabah Milanın “San Siro” stadionunda baş tutacaq açılış mərasimi ilə start götürəcək. Oyunlarda təqdim olunacaq medallar isə Olimpiya tarixinin ən bahalı medalları olacaq.
NOCOMMENT.az xəbər verir ki, 2026 Qış Olimpiya Oyunlarına hazırlıqlar tam başa çatıb. Açılış mərasimi ərəfəsində medallar ictimaiyyətə təqdim olunub və onların tərkibi ilə yanaşı dəyəri də diqqət çəkib. Dünyada qiymətli metalların bahalaşması Olimpiya medallarının dəyərinə də təsir göstərib. 2024-cü ildə keçirilən Paris Olimpiadasından bəri qızılın qiyməti 107 faiz, gümüşün qiyməti isə təxminən 200 faiz artıb.
Bu artım nəticəsində medalların dəyəri rekord həddə yüksəlib. Qızıl medalın təxmini dəyəri 2 min 300 ABŞ dolları, yəni təxminən 100 min manat təşkil edir ki, bu da Paris-2024 Olimpiadasında təqdim edilən qızıl medalın dəyərindən təxminən iki dəfə çoxdur.
Gümüş medalların dəyəri isə 1 400 dollara çatıb və Paris Olimpiadasından bəri təxminən üç dəfə bahalaşıb. Brünc medalların dəyərinin isə təxminən 6 dollar olduğu bildirilir.
Məlumat üçün bildirək ki, Olimpiya medallarının tərkibi tam saf metaldan ibarət olmur. 2026 Qış Olimpiya Oyunları üçün hazırlanan qızıl medalın çəkisi 506 qramdır. Bunun 500 qramını 92 faiz nisbətində gümüş təşkil edir, cəmi 6 qramı isə qızıldır. Saf qızıldan hazırlanan son Olimpiya medalları 1912-ci ildə Stokholmda keçirilən oyunlarda təqdim edilib və həmin medalların çəkisi 26 qram olub.
Gümüş medallarda 92,5 faiz gümüş istifadə olunduğu bildirilir. Gümüş qiymətlərinin artması bu medalın dəyərini 1 400 dollara qədər yüksəldib. Ən ucuz medal olan brünc isə misdən hazırlanır və onun dəyəri təxminən 6 dollar təşkil edir.
Qiymətli metalların bahalaşması səbəbindən Olimpiya tarixinin ən bahalı medalları fevralın 22-dək İtaliyanın Milan və Kortina şəhərlərində sahiblərini tapacaq.
Olimpiya Oyunları rəsmi olaraq fevralın 6-da açılış mərasimi ilə başlayacaq. Bununla belə, turnirin ilk yarışları fevralın 4-də start götürüb. Kerlinq üzrə keçirilən ilk dörd qarşılaşma zamanı elektrik enerjisinin kəsilməsi səbəbindən oyunlar müvəqqəti dayandırılıb. Elektrik enerjisinin bərpasından sonra görüşlər davam etdirilib. Kerlinq üzrə medal yarışları fevralın 10, 21 və 22-də keçiriləcək.
Açılış mərasimindən bir gün əvvəl, fevralın 5-də kerlinqlə yanaşı snoubord və buz hokeyi üzrə yarışlara da start veriləcək. /Qaynarinfo /