Fevralın 28-i axşam saatlarında səmanda maraqlı astronomik hadisə - planetlərin böyük paradı izləniləcək.
Hafta.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.
Günəş batdıqdan sonra səmanın müəyyən sektorunda altı planet - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni anda görünəcək. Bu proses zamanı planetlərdən dördünü adi gözlə, iki planeti isə yalnız teleskop və ya binokl vasitəsilə görmək mümkün olacaq.
Səmanın ən parlaq cisimlərindən Venera, Yupiter və Saturn rahatlıqla seçilə biləcək. Merkuri isə üfüq xəttinə yaxın yerləşdiyi üçün onu müşahidə etmək üçün dənizkənarı və ya şəhərdənkənar, üfüqü açıq ərazilər tövsiyə olunur. Uran və Neptun yalnız optik cihazlarla görünəcək. Bakıda ən uğurlu müşahidə zamanı saat 19:10-20:30 aralığını əhatə edəcək.
Astronomiyada planetlərin paradı iştirak edən göy cisimlərinin sayına görə qiymətləndirilir: 3-4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet isə böyük parad hesab olunur. Fevralın 28-də altı planetin bir araya gəlməsi bu hadisəni böyük planet paradı sinfinə aid edir. Belə vizual hadisələr orta hesabla 10-20 ildən bir müşahidə olunur, xüsusilə axşam saatlarında belə əlverişli görüntü imkanı nadir baş verir.
Qeyd olunur ki, planetlər yalnız səma proyeksiyasında bir xətt üzrə düzülmüş kimi görünür; əslində bir-birinə yaxınlaşmırlar. Bu astronomik hadisə Yer kürəsinə, insan sağlamlığına və təbiətə heç bir təsir göstərmir.