AZ

Nida XəbərMilli Məclisdə dövlət-din münasibətləri müzakirə olundu - FOTO

Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsində Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

QHT.az Publika.az-a istinadən xəbər verir ki, görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri, Dövlət Komitəsi yanında İctimai Şurada təmsil olunan elmi ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ilahiyyatçılar iştirak edib.

Qonaqları salamlayan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa görüşün məqsədi, önəmi barədə məlumat verib. O bildirib ki, dövlət–din münasibətləri sahəsində ictimai dialoqun gücləndirilməsi, ictimai iştirakçılığın dərinləşdirilməsi və ictimai nəzarət mexanizmlərinin inkişafı müasir çağırışlar fonunda xüsusi aktuallıq daşıyır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın dünyəvilik modelinə əsaslanan dövlət–din münasibətləri sistemi tolerantlıq, qarşılıqlı hörmət və hüquqi tənzimləmə prinsipləri üzərində qurulub. Bu model həm ölkə içində sabitliyin və dini harmoniyanın təmin olunmasına xidmət edir, həm də beynəlxalq miqyasda maraq doğuran örnək kimi dəyərləndirilir.

Görüş zamanı dövlət–din münasibətlərinin mövcud durumu, dini maarifləndirmə siyasətinin gücləndirilməsi, radikal və təhrif olunmuş dini təsirlərin qarşısının alınmasında maarifçilik amilinin rolu, ictimai şuraların fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericilik təşəbbüsləri və tətbiq təcrübəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

İctimai Şuranın sədri – AMEA-nın Z.Bünyadov ad. Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri Elnur Mustafayev, Şura üzvləri – “Simurq” Azərbaycan Mədəniyyət Assosiadiyasının prezidenti, professor Fuad Məmmədov, AMEA-nın A.Bakıxanov ad. Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, professor Cəbi Bəhramov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə,
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri Rizvan Hüseynov, ilahiyyatçı Tural İrfan (Əhmədov), “Azərbaycan Jurnalustlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev öz çıxışlarında dini məsələlərin mədəniyyət, mənəviyyat və ictimai şüur kontekstində dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, din universal sosial sistem fenomeni, mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi təqdim edilməli, sağlam dini düşüncə elmi yanaşma və milli dəyərlərlə uzlaşdırılmalıdır. Bu baxımdan maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, gənclərlə sistemli işin təşkili, eləcə də bölgələrdə mövcud olan intellektual potensialın proseslərə cəlb edilməsi önəm daşıyır.

İctimai Şura üzvləri əməkdaşlığın genişləndirilməsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin daha sistemli qurulması, ictimai güvənin möhkəmləndirilməsi və ictimai iştirakçılığın institusional əsasda təşkili ilə bağlı fikirlərini bölüşüblər. Qanunvericilik təşəbbüslərinin hazırlanması prosesində ictimai rəyin və ekspert baxışlarının nəzərə alınmasının vacibliyi vurğulanıb.

Millət vəkilləri – İctimai birliklər və dini qurumlar komitəsin sədr müavini Sahib Alıyev, komitə üzvləri – Elşad Musayev, Cavanşir Paşazadə, Tənzilə Rüstəmxanlı, Günay Ağamalı qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.
Komitə üzvləri dini irsin qorunması və dini abidələrin xəritələndirilməsi, tarixi dini məkanların elmi əsaslarla tədqiqi və gələcək nəsillərə ötürülməsi, məscidlərin yalnız ibadət məkanı deyil, həm də maarifləndirici mədəni platforma kimi fəaliyyətinin genişləndirilməsi ilə bağlı öz düşüncələrini bölüşüb, təkliflərlə çıxış ediblər. Vurğulanıb ki, bu yanaşma cəmiyyətdə dini savadlılığın artmasına, xurafat və yanlış təsəvvürlərin qarşısının alınmasına töhfə verə bilər.

Görüş açıq və konstruktiv müzakirə ortamında keçib. Sonda komitə sədri Fazil Mustafa yekun söz söyləyərək, görüşü dövlət–cəmiyyət münasibətlərinin inkişafı, ictimai dialoqun dərinləşdirilməsi, eləcə də dövlət–din münasibətləri sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsi baxımından faydalı olacağını bildirilib.

Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsin eksperti Əkbər Qoşalı, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsinin müdir müavini Vüsalə Hüseynova iştirak edib.

 

Seçilən
2
5
qht.az

6Mənbələr