ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Danimarka və ABŞ Qrenlandiyanın 120 illik icarəsi ilə bağlı qarşılıqlı faydalı razılaşma variantını nəzərdən keçirə bilərlər. Onun fikrincə, bu halda ada hüquqi baxımdan Danimarkanın tərkib hissəsi olaraq qalacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə Tokayev Pakistanın "The News International" qəzetinə müsahibəsində müvafiq suala cavab verərkən bildirib.
“Bir variant kimi ABŞ və Danimarka Qrenlandiyanın 120 il müddətinə icarəsi haqqında sazişi müzakirə edə bilərlər. Bu razılaşmaya əsasən Qrenlandiya hüquqi cəhətdən Danimarkanın bir hissəsi olaraq qalacaq, yəni Danimarkanın suverenliyi pozulmayacaq, praktik razılaşmalar isə ümumi strateji maraqlara xidmət edə bilər”, – deyə qeyd edib.
Qazaxıstan lideri bundan əvvəl İslamabada dövlət səfəri edib. Tokayev dialoqa, beynəlxalq hüquq normalarına riayət olunmasına və qarşılıqlı qəbul edilə bilən razılaşmanın əldə edilməsinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq praktikada ölkələrin müəyyən ərazilərin və ya strateji infrastrukturun uzunmüddətli icarəsi ilə bağlı razılaşmalar bağlaması ilə bağlı çoxsaylı nümunələr mövcuddur və bu, adətən qarşılıqlı faydalı məqsədlərə xidmət edir. “Belə hər hansı qərar BMT Nizamnaməsində təsbit olunmuş dövlət suverenliyinə hörmət və digər prinsiplər də daxil olmaqla, yalnız beynəlxalq hüquq çərçivəsində nəzərdən keçirilməlidir”, – deyə Tokayev əlavə edib.
Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq saziş imzalayıblar. Həmin sazişə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb. ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyini bəyan edib. O, ilk prezidentlik dövründə adanı satın almağı təklif edib, 2025-ci ilin martında isə onun ilhaq edilə biləcəyinə əminliyini ifadə edib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.