AZ

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Oreşnik” raketlərini buraxdığı poliqonu vurub

ain.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 5 fevral, AZƏRTAC

Yanvar ayında Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisində yerləşən və Ukraynaya “Oreşnik” raketlərinin buraxıldığı “Kapustin Yar” poliqonuna bir neçə zərbə endirib.

Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Telegram”da yaydığı məlumata istinadla xəbər verir.

Məlumatda bildirilir ki, 2026-cı ilin yanvar ayı ərzində Ukraynanın Müdafiə Qüvvələri Rusiya Federasiyasının Astraxan vilayətində yerləşən “Kapustin Yar” poliqonunda orta mənzilli qitələrarası ballistik raketlərin buraxılışdan əvvəl hazırlandığı anqar tipli binalar kompleksinə qarşı bir neçə uğurlu zərbə həyata keçirib.

Hərbçilərin məlumatına görə, zərbələr Ukrayna istehsalı olan uzaqmənzilli zərbə vasitələri, o cümlədən FP-5 “Flaminqo” ilə endirilib.

Baş Qərargahdan qeyd edilib ki, mövcud məlumatlara görə, poliqon ərazisində bir sıra binalara müxtəlif dərəcəli ziyan dəyib, anqarlardan biri ciddi zərər görüb, şəxsi heyətin bir hissəsi isə ərazidən təxliyə olunub.

Xatırladaq ki, 2026-cı il yanvarın 9-na keçən gecə Rusiya qoşunları Lvov vilayətinə orta mənzilli “Oreşnik” ballistik raketi ilə zərbə endirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
3
azertag.az

4Mənbələr