sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Şamaxı" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, futbolçumuz, komandamız və gələcəyimiz üçün yaxşı güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. "Qarabağ" sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər. Çünki sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən "Qarabağ"la oynayacağıq. Yaxşı bərpa keçib, ona hazır olacağıq.
- "Şamaxı"nın yəqin ki, hədəfi Premyer Liqada qalmaqdır. Kubokda "Qarabağ"a qarşı əsas heyətlə oynadız. Bu, fiziki gücün zəifləməsinə gətirib çıxara bilər?
- Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. "Qarabağ" kimi komandalarla görüşdə hər şey görünür. Bu cür rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üstə pillələrə yüksəlmək istəyirik.
- Komandanın kubokda hansısa bəlli hədəfi var?
- Bu gün həyat mübarizədir. Hamı istəyir ki, hansı sahədə olursa-olsun imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə də istəməyək? Amma "Qarabağ"la qarşılaşırıq, bundan sonra kimlərlə qarşılaşa biləcəyimiz də bəllidir. Futboldur, mübarizə aparacağıq. Bu gün oyundan qabaq təslim olaq, filan, belə şey yoxdur. Rəqib nə qədər güclü olsa da, hamı mübarizə aparır.
- "Sumqayıt"ın baş məşqçisi olduğunuz dövrdə "Qarabağ"ı kubokda keçə bilmişdiz. Bu gün də qələbə qazandınız. Cavab görüşündə şanslarınız nə qədərdir?
- Yenə də favorit "Qarabağ"dır.
- Dumanlı hava şəraitində taktika hansısa mənada işə yarayır?
- Ona görə dedim ki, ilk hissədə daha yaxşı bağlandıq. Ola bilər ki, tribunadan baxanlar qarşı tərəfi görməkdə çətinlik çəkirdi. Amma biz tərəfdən görünürdü.
- Növbəti həftədə də "Qarabağ"la oynayırsız. Eyni hava şəraiti olsa, siz və ya "Qarabağ" matçın təxirə salınması üçün müraciət etmək istəyərsiz?
- Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl Şamaxıda stadionun meydançası qar idi, matç təxirə salınmadı. Həmin vaxtı deyildi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.