AZ

"Oyun təxirə salınmadığı üçün kimdənsə küsmək fikrimiz yoxdur" - Qurban Qurbanov

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Şamaxı"ya məğlub olan (1:2) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, meydan sahiblərinin layiqli qələbə qazandıqlarını bildirib:

"İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində bizi tək qoymadılar. Kubokda ilk matçımız idi. Bizim üçün ciddi nəticə oldu. Cavab qarşılaşmasına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar".

Təcrübəli çalışdırıcı Ağdam təmsilçisinin müraciətinə rəğmən, Misli Premyer Liqasının XXI turunda baş tutacaq "Neftçi" ilə oyunun rəqibin imtinası üzündən təxirə salınmaması barədə sualı da cavablandırıb:

"Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kiminsə haqlı və ya haqsız çıxarılacağı mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) "Neftçi" ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqib "Neftçi" və digər kollektiv də ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki bu, PFL-in reqlamentində var. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə oyun təxirə salınmadığı üçün kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq".

Seçilən
43
4
fanat.az

6Mənbələr