AZ

"Esse tələbi şagirdlər arasında ciddi narahatlıq doğurur" -Səbinə Babayeva

"2027-ci ildə attestat imtahanında ingilis dili fənni üzrə tətbiq edilməsi nəzərdə tutulan yüz sözdən ibarət esse yazısı tələbi şagirdlər arasında ciddi narahatlıq doğurur. Çünki sözügedən qiymətləndirmə formatının mövcud tədris reallıqları ilə uyğun gəlmədiyi aydın şəkildə bəllidir".

Bunu Redaktor.az-a ingilis dili müəllimi Səbinə Babayeva bildirib.

Onun sözlərinə görə, yazı bacarığı dil öyrənmənin ən mürəkkəb və uzunmüddətli inkişaf tələb edən komponentidir:

"Esse yazmaq yalnız söz ehtiyatı ilə məhdudlaşmır; şagirddən məntiqi düşüncə, fikir ardıcıllığı, struktur qurmaq bacarığı, həmçinin ana dilində akademik və bədii yanaşma tələb edir. Lakin mövcud ümumtəhsil proqramları çərçivəsində şagirdlər bu bacarıqlar üzərində kifayət qədər sistemli şəkildə hazırlanmayıblar. Çünki tədris planı bu formatda olan tapşırıqlara geniş yer verməyib, nə də bu istiqamətdə tətbiqi saat tələbi qoyulmayıb. Belə olan halda bir tədris ili ərzində bu səviyyədə yazı bacarığının formalaşdırılmasını tələb etmək həm müəllim, həm də şagird üçün real deyil".

Müsahibimiz vurğuladı ki, attestat imtahanı seçmə və ya ayırdetmə xarakteri daşımır:

"Bu imtahanın əsas funksiyası şagirdin 11 illik ümumi orta təhsili başa vurduğunu təsdiqləməkdir. Attestat bütün şagirdlər üçündür — həm zəif, həm orta, həm də güclü səviyyəli şagirdlər üçün. Bu mərhələdə bütün ölkə üzrə şagirdlərə eyni yüksək yazı meyarının tətbiqi pedaqoji ədalət prinsipinə ziddir. Bu tip yüksək tələblər daha məqsədyönlü mərhələlərdə tətbiq olunmalıdır. Məsələn, ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulan blok imtahanlarında esse yazısı tələbi daha məntiqli və əsaslandırılmış olar. Eyni zamanda tədrisi ingilis dilində aparılan ixtisaslar, xarici dil yönümlü fakültələr və beynəlxalq proqramlar üçün bu format tamamilə uyğun hesab edilə bilər. Bu halda qiymətləndirmə həm məqsədə uyğun, həm də ədalətli olar.

Sözsüz ki, təhsildə keyfiyyətin artırılmasının tərəfdarıyıq. Lakin bu proses mərhələli, planlı və real tədris imkanlarına uyğun şəkildə aparılmalıdır. Attestat imtahanlarında tətbiq edilən qiymətləndirmə meyarları şagirdlərin real hazırlıq səviyyəsini əks etdirməli və onların gələcək təhsil yolunda süni maneəyə çevrilməməlidir. Düşünürəm ki, bu məsələ bir daha diqqətlə nəzərdən keçirilməli və qiymətləndirmə sistemi pedaqoji prinsiplərə, həm də şagirdlərin maraqlarına uyğun şəkildə təkmilləşdirilməlidir".

Aytəkin TOFİQQIZI

Seçilən
16
redaktor.az

1Mənbələr