AZ

Fransa müstəmləkə siyasətini davam etdirir: Kanaki və Mayotda əhali azalır, sosial iqtisadi vəziyyət pisləşir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 fevral, AZƏRTAC

Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə Fransa müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir.

Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisinin siyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli və dərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortaya qoyur. 2019-cu ildə ərazinin daimi əhalisi 271 min 407 nəfər təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 264 min 596 nəfərə enib. Son altı il ərzində Kanakidə əhali sayında 6811 nəfərlik azalma qeydə alınıb. Bu geriləmə təxminən 2,5 faiz demoqrafik azalmaya bərabər olmaqla, hər il orta hesabla 1200-dən artıq şəxsin Yeni Kaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 il ərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimi qiymətləndirilir.

Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindən məqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması, təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhali üçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimai xidmətlərə əlçatanlığın məhdudluğu, ədalətli məhkəmə sisteminin mövcud olmaması, eləcə də Metropoldan (Fransadan) qeyri-qanuni göstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv və ayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitinin pisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl və sistemli şəkildə məhdudlaşdırılması, Kanaki əhalisi arasında kütləvi miqrasiya meyillərinin güclənməsinin əsas səbəblərindən hesab olunur.

Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralel olaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaq və gənc əhalinin çəkisi isə azalır ki, bu da demoqrafik geriləmənin daha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır.

Qeyd edək ki, Fransa tərəfindən Kanak gənclərin, xüsusilə siyasi və iqtisadi baxımdan aktiv əhalinin kütləvi şəkildə digər ölkələrə məqsədyönlü köçürülmə siyasəti yerli müstəqillik hərəkatlarının gücünün zəiflədilməsinə, Yeni Kaledoniyada Kanak əhalisinin nisbətinin azaldılmasına, eyni zamanda, metropoldan gələn avropalı və digər miqrantların sayının artırılmasına və nəhayət uzunmüddətli perspektivdə referendumlar və yerli əhali tərəfindən müstəqillik tələblərinin zəifləməsinə yönəlib.

Gənc, təhsilli və perspektivli şəxslərin Kanakini tərk etməsi yerli iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Bu proses Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinin Fransaya iqtisadi asılılığını artırır, xüsusilə subsidiyalar, investisiyalar və idxal asılılığı vasitəsilə maliyyə və resurs baxımından metropola bağlılıq dərinləşir. Eyni zamanda, Fransız şirkətləri, xüsusilə nikel sektorunda fəaliyyət göstərən korporasiyalar yerli əmək qüvvəsindəki azalmanı Fransadan gələn işçilər və ya digər xarici miqrantlar hesabına kompensasiya edə bilirlər.

Fransa hökuməti bu siyasət vasitəsilə daxili siyasətindəki çatışmazlıqları və uğursuzluqları ört-basdır etməyə çalışır.

2024-cü ildə Çido qasırğasının ağır zərbəsi ilə üzləşən Mayot xalqına Fransa Prezidenti Emmanuel Makron və digər yüksəksəviyyəli rəsmilər tərəfindən verilmiş yenidənqurma və inkişaf vədləri hələ də yerinə yetirilməyib. Dənizaşırı ərazilər naziri Naima Mutçu 2026-cı il 22 yanvar tarixində Fransanın Mayot üçün 674 milyon avrodan artıq maliyyə öhdəliyi götürdüyünü və bunun əhəmiyyətli hissəsinin xüsusi büdcə sətri ilə təmin olunacağını bəyan edib. Buna baxmayaraq, Fransa Milli Assambleyası tərəfindən 2026-cı il fevralın 2-də qəbul edilmiş büdcədə Mayotun yenidənqurulması üçün heç bir xüsusi büdcə sətri və ayrılmış vəsait nəzərdə tutulmayıb.

Nəticədə Fransa rəhbərliyi adanın ağır fəlakət sonrası vəziyyətinə qarşı laqeyd münasibətini davam etdirərək, verilmiş vədləri yalnız formal sənədlər səviyyəsində saxlamış və Mayotun yenidənqurma prosesi maliyyə baxımından qeyri-müəyyən və dəstəksiz qalıb. Bu qərar, Fransanın müstəmləkə əsarətində saxladığı ərazilərə qarşı ardıcıl olaraq nümayiş etdirdiyi laqeyd və yerli əhalinin mövcud vəziyyətdən bezərək doğma torpaqlarını tərk etməsinə istiqamətlənmiş siyasətin bariz nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
13
azertag.az

10Mənbələr