ain.az, Ses qazeti saytına istinadən bildirir.
"Son altı ay ərzində Azərbaycan və Ermənistan siyasi liderlərinin ikinci dəfə Əbu-Dabidə bir araya gəlməsinin şahidi olduq".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.Onun sözlərinə görə, ilk Əbu-Dabi görüşü tarixi Vaşinqton razılaşmalarının əldə olunması istiqamətində həlledici mərhələ oldu və bu görüşdən sonra Ermənistan-Azərbaycan arasında sülhün əldə olunması istiqamətində çox mühüm və ciddi addımlar atıldı: "Dünən keçirilən Əbu-Dabi görüşündə səsləndirilən mesajlar da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, görüş zamanı iki dövlət arasında normallaşma prosesi, etimad quruculuğu, eləcə də iqtisadi və ticari münasibətlərin formalaşdırılması ilə bağlı mühüm mesajlar verildi. Əsas məqam ondan ibarətdir ki, hər iki ölkənin rəhbəri dövlətlərarası münasibətlərin normallaşması istiqamətində müsbət dinamikanın mövcudluğunu vurğuladılar və bu dinamikanın qorunub saxlanılmasının vacibliyini qeyd etdilər.Münasibətlərin normallaşdırılması çoxşaxəli prosesdir. Xüsusilə iqtisadi-ticari münasibətlər kontekstində Azərbaycan və Ermənistan arasında ilk praktik addımların atıldığını müşahidə edirik. Məsələn, Azərbaycanın yanacağının Ermənistana tədarükü, eyni zamanda Azərbaycan ərazisindən tranzit istifadə olunmaqla Qazaxıstan və Rusiyadan taxılın Ermənistana çatdırılması bu əməkdaşlığın real nümunələridir. Bu, həm birbaşa, həm də tranzit mexanizmləri vasitəsilə Ermənistanın iqtisadi münasibətlərinin inkişafına Azərbaycanın töhfə verdiyini göstərir.Eyni zamanda, vətəndaş cəmiyyəti səviyyəsində dialoqun davam etdirilməsi və etimad quruculuğu istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir və bu prosesin davam etdirilməsinin zəruriliyi xüsusi vurğulanır.Əldə olunan mühüm nəticələrdən biri də Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin vasitəçilərsiz, birbaşa formatda davam etdirilməsinin vacibliyinin yenidən təsdiqlənməsidir. Hər iki tərəf postmünaqişə dövründə malik olduqları resurslar əsasında bu istiqamətdə prinsipial addımlar atır.Gözləntilər ondan ibarətdir ki, bu danışıqların nəticəsi olaraq Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olan sonuncu əngəli aradan qaldıracaq, öz konstitusiyasının preambulasında müvafiq dəyişikliklər edəcək və nəticə etibarilə məhz car il ərzində sülh müqaviləsinin imzalanmasına şahidlik edə biləcəyik".
Müəllif: Günel Fərzəliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.