
“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb”.
AFN.az xəbər verir ki, bunu “Qafqazinfo”ya ötən gün Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov bildirib.
O, hadisənin səbəbini bilmədiyini deyib: “Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm. Oğlum dedi ki, ata, məni qırağa - öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa. Öz evlərinə tərəf getmədi...”
R.Bəşirov 4 övladı olduğunu, kommunal idarədə işlədiyini qeyd edib.
***
“Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar”.
AFN.az xəbər verir ki, bu sözləri Manset.az-a bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib.
O bildirib ki, məktəbli hazırda xəstəxanadadır: “Vallah, bütün rayon məəttəl qalıb. 7 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan zaman digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim. Ağır əməliyyat keçirib, 19 bıçaq zərbəsi vurulub. Hazırda xəstəxanada reanimasiyadadır”.
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.