AZ

Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir... Sevinc Elsevərin yeni şeirləri

ain.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Yeni il arzuları

Arzularını yazıb asdı yolkadan

Ev əhli.

Hətta pişiyin də diləyini yazmışdılar.

Gecə hamı yatandan sonra

Oxudu bütün məktubları ata

Diləklər ünvanlanmışdı Allaha, Kainata,

Amma “qızım, sənə deyirəm, gəlinim, sən eşit” misalı...

Həm də ona eşitdirilirdi

Arzuların çoxu

Ondan asılı idi

Xəyalların çin olmağı.

Onun gücündən,

Səxavətindən,

Cəsarətindən,

Alın tərindən.

***

Qar yağdı axşam

əl damından uzunboğaz çəkmələrimi götürdüm

içindən ölü siçan balaları töküldü

ana siçanı pişiyim tutub yemiş olar

İtki

Qəfil səhər süfrəsində,

Gecə şeir yazdığımı xatırladım.

Qəşəng şeir idi,

Yaxşı təəssüratı qalmışdı.

Yenidən oxumaq üçün açdım şeir dəftərimi,

Yox idi şeir.

Yuxumda yazmış və unutmuşammış.

Təkcə xatirəsi unudulmamış...

Qiymətli hədiyyəni itirmiş kimi,

Hiss etdim o an.

Gərək o yuxuya bir də qayıdam.

Çırpılma

Bütün gücüylə,

Şövqüylə uçan quş

Pəncərəyə çırpılan kimi

Çırpıldım həqiqətə:

bitibmiş sevgin.

Məni qanadlandıran sevgin idi,

Mən də uça bilirdim.

Naməhrəm əli

Binanın tinində

Atılmış köhnə pianoya,

Adamlar çılpaq və gözəl qıza

Baxırlarmış kimi zilləyirlər gözlərini.

Utancaq və təvazökar görkəmiylə,

Piano qaçmaq istəyir bu baxışlardan.

Kimsə toxunanda,

Naməhrəm əli dəymiş kimi diksinir.

***

Xoşbəxt idi qadıncığaz,

ərinin sədaqətiylə,

amma tez-tez şeytan yoldan çıxardırdı onu:

“sənə sadiqliyindən deyil vəfası”-pıçıldayırdı qulağına

Qalırdı iki yol ayrıcında

Nə desin,

Necə hiss etsin,

Şeytana lənət oxuyub,

Şükür etməyi seçirdi hər dəfə

ərinin Allah sevgisinə.

Zaman maşını

Nə keçmiş var

Nə gələcək

Həyat elə anlardan ibarətdirsə

Nə fərqi səksən yaşlı qocaya

Çox yaşamış

Ya az yaşamış

Geridə qoyduğu həyat

Sanki heç yaşanmamış.

Zamanın qəddarlığını hər şeydən çox anlamış

Sadəcə.

Bəlkə hansısa anların dadı damağında hələ də

Qısqanmıram avtobusda

Qabaq-qənşərimdə oturan yaşlı qadını

Eyni anın içindəyik

O da

Mən də

Anasının qoynunda mışıl-mışıl yatan körpə də

Avtobus zaman maşınıdır elə

İçində olduğumuz zamandan enəcək

Sərnişinlər

Zaman yoluna davam edəcək

“biri varmış, biri yoxmuş”-deyə...

İflas

Güllə kəsilməliykən sözüm,

Bankdan gələn hikkəli zənglə kəsilir nitqim.

Vatsapda dəm vurduğum yerdə,

Şeirdən, ədəbiyyatdan, böyük ideallardan

Qələm dostumla.

Sonrası gülləbaran, dava,

mübahisə,

göz yaşı

təkcə cibimizin deyil

gözəl idealların da iflası.

***

“Bir qəpiyin də yiyəsi deyiləm”-deyə

And içə bilmərəm bu gün.

Bir qəpiklik qazancım olub

Yüklədiyim ƏDV çekindən.

Halbuki səhərdən-axşama kimi

Bir qatırın işini görmüşəm.

***

Kirpiklərini yumub açır,

Sevinclə qışqırır uşaq:

“Ana, işıqları

Söndürüb-yandırıram, bir bax!”

Əllərindədir fələyin çərxi,

Ondan güclüsü yoxdur dəxi.

Alman casusu, fırıldaqçı və homoseksual – Lenin haqqında deyilənlər və yazılanlar

Eduard Manenin məktubu: “Söyüşlər üzərimə dolu kimi yağırdı”

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
kulis.az

2Mənbələr