AZ

Zəfər savaşının ilk gününün qəhrəmanı

35 yaşlı şəhid Ceyhun Həsənovun 40 yaşı tamam oldu

Vətən müharibəsinin şəhidlərindən danışanda, adətən, onların keçdiyi yollar – işğaldan azad edilən kəndlər, rayonlar göz önünə gəlir. İlk gündən Zəfərədək silaha sarılan, hətta Qələbədən də sonra düşmən gülləsinə tuş gələn şəhidlərimiz də var, cəmi 1 gün ərzində qəhrəmanlıq səviyyəsinə yüksələn şəhidimiz də. Tovuzun dağ vüqarlı dağlı balası Ceyhun kimi...

Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun səfalı dağ kəndlərindən olan Çeşməlidə anadan olub. Ailə Bakıda yaşadığından Ceyhun 1992–2001-ci illərdə Bakı şəhəri, Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirəndən sonra hərbçi olmaq arzusuna çatmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.

2001–2003-cü illərdə hərbi təhsil alan Ceyhun Həsənov biliklərini daha da təkmilləşdirmək istəyib. Bu məqsədlə 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “motoatıcı” ixtisası üzrə ali hərbi təhsilə yiyələnib.

Hərb sənətinin incəliklərini mükəmməl öyrənən Ceyhun Həsənov öncə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində qulluq edib. Daha sonra isə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə davam edib. Hər bir hərbçi kimi onun da ən böyük arzusu işğalda olan torpaqların azad edilməsində iştirak etmək olub.

Nəhayət, arzuladığı gün yetişib. Kapitan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşa başlayıb. Onun Şuşaya bayraq sancmaq arzusunu döyüş yoldaşları gerçəkləşdiriblər. Çünki Ceyhun Həsənov elə müharibənin ilk günü – sentyabrın 27-də Füzulidə şəhid olub. Amma şəhidimiz 1 gün içində elə qəhrəmanlıq göstərib ki, başqa hərbçinin 44 günlük savaşına bərabər olub. Məhz o gündə göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Ceyhun Həsənov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman kapitan İkinci Fəxri xiyabanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə dövlət başçısının sərəncamlarına əsasən, Ceyhun Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Ceyhun Həsənov ailəli idi, 2019-cu ildə Cahid və Cavidan adlı əkiz oğlu olub.Şəhidimiz haqqında bu bioqrafik məlumatdan sonra onu da qeyd etmək yerinə düşər ki, Ceyhun ailənin tək oğul övladı idi. Vətənə qurban gedən bir oğul anasının nə çəkdiyini yalnız özü bilər. Bunu Səmayə xanımın fikirləri yaxşı anladır. Ana oğlu haqqında danışır, çərçivədəki şəklinə baxıb ona xitabən dediyi sözlər insanın içini göyüm-göyüm göynədir:

– Oğlum, azad etdiyin torpaqlarda ruhun gəzəcək. Bir də, onu demək istəyirəm ki, sən avqustun 6-da əkiz oğul övladlarının ad gününü, ilk yaşlarını qeyd etdin, amma bir daha qeyd edə bilməyəcəksən. Böyüyəndə biləcəklər ki, onların atası kimdir. Biləcəklər ki, bu torpağı qanları ilə Vətən edənlərdən biri də onların atasıdır. Balaların səni şəkillərdə, tarixlərdə axtaracaq, kim olduğunu anlayanda səninlə fəxr edəcək məsum körpələrin. Vətənini balalarından, anasından yüksəkdə tutan komandir oğlum. Ruhun şad olsun. Xalqımızda deyərlər: “Anaların borcunu heç nə ilə qaytarmaq olmaz”. İndi mən belə deyirəm ki, oğul, sənin borcunu heç nə ilə qaytara bilmərəm. Həyatda sənə nə əziyyət çəkmişəmsə halal edirəm. Sən də haqqını mənə halal elə, əbədi 35 yaşlı qalan balam! Bu ay sənin 40 yaşın tamam olur, qəhrəman oğlum.

Ceyhunun ilk, eyni zamanda, son savaş gününün təfərrüatlarını döyüş yoldaşlarından biri, çavuş Şahin Mehdiyev belə xatırlayır:

– Biz bir yerdə 3 aya yaxın idi ki, təlim keçirdik. Komanda çox böyük ruh yüksəkliyi ilə çalışırdı. Demək olar ki, 3 ay idi gecə-gündüz komandirə məxsus olan heyətlə daim bir yerdə olurduq. Ceyhun Həsənov Beyləqan rayonunda “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışırdı. Onun şəxsi heyətində 80-ə yaxın canlı qüvvə var idi. Həmçinin Ceyhun Həsənov BMP komandiri də olub.

Nankor düşmənlərimiz, yəni ermənilər atəşkəsi yenidən pozanda artıq bunları susdurmaq zamanı çatmışdı. Həmin anı gözləyən kapitan Ceyhun Həsənov komandirinin tapşırığı ilə 27 sentyabr 2020-ci ildə döyüşə hazırlaşdı. O, öz şəxsi heyəti və ona məxsus olan 7 BMP, 4 tank, bir neçə texnika ilə hərəkətə keçdi, şəxsi heyətini hərtərəfli təlimatlandırdı: “Biz güclü olmalıyıq, hamı bir nəfər kimi ardınca irəli”.

Onu da dedi ki, ola bilər mənfur düşmən mən oturduğum BMP-ni vurar, amma mənim igidlərim, birdən dayanarsınız ki, mənə kömək göstərərsiniz. Sizə mən əmr edirəm və tapşırıram ki, dayanmadan irəli! Necə demişdi, elə də oldu.

Hücuma keçdik. Komandirin BMP-si öndə. Şiddətli döyüş gedirdi. Hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq, Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, 3 erməni postunu dağıtdıq. Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşdə idik. Uğurlarımızı gördükcə sevincimizin həddi-hüdudu yox idi. Ermənilərin birinci eşalonunu darmadağın etdik.

Komandirin hər an bir sözü var idi: “İgidlərim, arxamca, irəli”. Döyüş çox şiddətləndi. Mənfur düşmən hər tərəfdən hər növ silahdan istifadə edirdi. Bizi məğlub etməyə çalışırdı, amma ordumuz elə həvəslə vuruşurdu ki, belə ordunun qabağını kəsmək mümkün deyildi. Ağır artilleriyaların atılmasına məhəl qoymayan komandir koordinatları bir-bir mənə ötürürdü, mən həmin hədəfləri vururdum.

Şahinin sözlərinə görə, Ceyhun son nəfəsində soruşub: “Şahin, sonuncu mövqeni vurduq?”. O da cavab verib ki, bəli, komandir, vurduq. Ceyhun elə bil bu cavabı gözləyirmiş. Gülümsəyərək silahdaşının əlini sıxıb, gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəlib. “Mən özüm də yaralanmışdım. Sonra bilmədim necə oldu... Ceyhunda o qədər qəhrəmanlıq, qorxmazlıq, mərdlik hissi var idi ki. Ona bütün qəhrəmanlıq adları azdır. Komandirim çox hünərli, cəsarətli, savadlı, həm də bacarıqlı idi. Ruhun şad olsun, komandir!”.

Ceyhunun atası Aydın Həsənovun təsəllisi isə budur: “İndi o, tək bizim ailənin deyil, bütün Vətənin övladıdır”.

2021-ci ildən Bakı şəhəri 48 nömrəli tam orta məktəb Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun adını daşıyır. 2024-cü ildə məktəbin həyətində onun büstü qoyulub. Şəhidin şəxsi əşyaları ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilib.

Zərifə BƏŞİRQIZI
XQ

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr