Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi bu gün davam etdirilir.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Bu gün onlara hökm oxunması gözlənilir.
Azərbaycan xalqının 30 ildir gözlədiyi tarixi məhkəmə keçirilən ərəfədə Fransa öz ampluasında davranıb. Ötən gün Fransa Milli Assambleyası Azərbaycan tərəfdə saxlanılan “erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinə çağıran” qətnamə qəbul edib.
Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə xatırladıb ki, Azərbaycan Vətən müharibəsindəki şanlı qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra qlobal erməni şəbəkəsi və onların əsas havadarı olan Fransa tərəfindən hibrid hücumlara məruz qalmaqdadır.
Tarixə ekskurs edən Ş. Cəlilzadə Musavat.com-a açıqlamasında vurğulayıb ki, sabiq fransız prezidentləri Fransua Mitteran, Jak Şirak və Fransua Hollandın dövründə qismən balanslı sayıla biləcək Fransa-Azərbaycan münasibətləri məhz 2020-ci ildə Qarabağda geosiyasi mənzərənin dəyişməsindən sonra gərginləşib:
“Fransa həm öz qanunverici orqanları vasitəsilə, həm də üzv olduğu bütün beynəlxalq təşkilatlar vasitəsilə anti-Azərbaycan təşəbbüslərini və ölkəmizə qarşı qətnamə layihələri irəli sürür, yalan və böhtanlarla dolu informasiya müharibəsi həyata keçirir və Ermənistanı müasir hücum silahları ilə təchiz edərək regionumuzda militarizasiya siyasətini həyata keçirir. Məsələn, BMT TŞ çərçivəsində 2023-cü ilin oktyabrında irəli sürülərək Azərbaycanın “cəzalandırılmasını” tələb edən qətnaməni (qəbul olunmasa da), AŞPA çərçivəsində demək olar ki, bütün anti-Azərbaycan qətnamələrinin qəbulunda fransız deputatların rol oynamasını, Frankafoniya çərçivəsində ölkəmiz əleyhinə çağırışları, Fransa parlamentinin aşağı və yuxarı palatalarının 2020-ci ildə Vətən müharibəsindən sonra keçmiş qondarma rejimi tanımağa çağıran qətnamələrini, 2022-ci ildə ölkəmizə qarşı sanksiya çağırışı edən qətnaməni və s. xatırlatmaq olar. Bütün bunların nəticəsində ikitərəfli münasibətlər kəskin şəkildə zədələnərək tarixin ən aşağı səviyyəsinə düşmüşdü.
8 avqust Vaşinqton razılaşmalarından sonra, xüsusilə cənab Prezident İlham Əliyevlə Fransa lideri Emmanuel Makronun ötən ilin sonunda Avropa Siyasi Birliyi çərçivəsində görüşü fonunda münasibətlərdə gərginliyin aradan götürülməsinə, yeni mərhələnin başlandığına dair mesajlar ötürülüb. Lakin bu, Fransanın ənənəvi siyasət xarakterinin dəyişdiyini deməyə əsas vermir. Senat yenə tam (183) səslə Azərbaycan əleyhinə saxta iddialara əsaslanan qətnamə qəbul edib. Bu barədə ilkin olaraq ARF Bürosunun üzvü, Fransa-Erməni Koordinasiya Şurasının həmsədri məlumat verib. ARF daşnak partiyasıdır və revanşist, işğalçı, terror düşüncəli qüvvələrin yeraltı fəaliyyətinin sülh dövründə də davam etdiyini açıq-aydın göstərir. Aydındır ki, Fransa bu prosesin ən böyük dəstəkçilərindən biri olaraq qalmaqdadır. Fransanın erməni sevgisinin nədən qaynaqlandığı, Azərbaycanın haqlı mövqeyini niyə nəzərə almaq istəmədiyi maraqlıdır.
Bu məqsədlə tarixə kiçik ekskursiya edək: XI-XIII əsrlərdə səlibçilərin hücumu ilə Cənubi Anadolunun ermənilər yaşayan Kilikiya bölgəsində (bugünkü Çukurova: Mersin, Adana, Osmaniye və Hatay illərini (rayonlarını) əhatə edən iqtisadi-mədəni bölgədə) Kilikiya frank-erməni krallığı yaradılıb. Bu “dövlət” səlibçilərin müsəlman dünyası önündəki son qalası idi və yürüşlər zamanı bu ərazidən istifadə edilirdi. Kilikiyanı idarə edən son kral VI Leo frank (fransız) əsilli Lüzinyan sülaləsinin nümayəndəsi idi. Məhz bu səbəblə Kilikiya Səlcuq türkləri tərəfindən geri alınandan sonra sonuncu kral Fransaya qaçıb, ölümündən sonra isə orada, digər fransız krallarının yanında dəfn olunub. Müasir Ermənistan dövlətinin bayrağının Kilikiya Krallığının bayrağı (Lüzinyanlar tərəfindən idarə olunarkən qəbul edilmiş bayraq) ilə demək olar ki, eyni olması da təsadüfi deyil. Odur ki, fransızlar və ermənilər arasındakı müasir siyasi-mədəni münasibətlərin kökündə tarixi bağlar olduğunu deyə bilərik”.
Şəhla Cəlilzadə Ermənistanın hələ də “müsəlman dünyası önündə Qərbin sonuncu qalası” kimi qorunduğu qənaətindədir:
“Təsadüfi deyil ki, Paşinyan son AŞPA toplantısında da Kilikiya Krallığı dövrünə aid “Qanunlar Kitabını” avroparlamentarilərə, Azərbaycana qarşı hibrid hücumların əsas iştirakçılarına “hədiyyə” edib. Bölgədə erməni-frank idarəçiliyinin sona çatmasından sonra ermənilər Fransaya köçməyə başladılar. Xüsusilə XIX-XX əsrlərdə Osmanlı ermənilərinin Fransaya mühacirəti kütləvi hal aldı. Elə həmin dövrdə ermənilərin millətçi təşkilatları yaranmağa başladı. Bu təşkilatların əsas məqsədi Osmanlı dövlətinin dağıdılması, ermənilər yaşayan bölgələrdə azad erməni dövlətinin qurulması, əsas fəaliyyəti isə terror və yerli erməni üsyanlarının təşkili idi. Bu təşkilatlar dünyanın müxtəlif ölkələrinə yayılaraq fəaliyyət göstərirdi. Bu təşkilatlar ilk vaxtlarda fransız xarici siyasətinə ciddi təsir gücünə malik deyildilər, çünki Fransanın o dövrdə Osmanlıda müstəsna iqtisadi maraqları vardı. Maraqlıdır ki, 1896-cı ildə daşnakların Osmanlı Bankına basqınından sonra, 1896-97-ci illər dövrünün hadisələri fonunda Fransa XİN-i İstanbuldakı səfirliyə məktubunda erməniləri qorumaq lazım gəldiyini, lakin gerçəkdə daşnakların heç bir simpatiyaya layiq olmadıqlarını yazırdı.
Fransada erməniyönümlü təşkilatlar və media-yayım orqanları (qəzet və jurnallar) isə tam gücü ilə fəaliyyətinə davam edir, hətta 1902-1908-ci illərdə Parisdə “Daşnaksütyun”un “Pro-Armenia” qəzeti çap olunurdu. Başqa ifadə ilə, Fransa Osmanlının daxilindəki potensial separatçı qüvvələrə gizli dəstək versə də, üzdə Osmanlı ilə əlaqələrini qorumaq üçün hər şeyi edirdi. Osmanlını parçalamağa çalışan Rusiya təhlükəsi səbəbilə türklər “Antanta” ilə savaşan Almaniya tərəfində müharibəyə qatıldıqdan sonra Fransanın ermənilərlə əməkdaşlığı yeni mərhələyə keçir, ikiüzlü siyasəti aşkara çıxır.
Qəribə deyil ki, fransızlar indiyədək ermənilər üçün önəm kəsb edən bütün məsələlərdə onları dəstəkləyirlər. Məsələn, “erməni soyqırımı”nı qınayan fikirlər ilk dəfə 1987-ci ildə Strasburqda səsləndirilmişdi. SSRİ-nin dağılmasından sonra formalaşan yeni dövrdə isə qlobal erməni şəbəkəsinin, o cümlədən Fransa ermənilərinin diqqəti Cənubi Qafqazdakı separatçı fəaliyyətə yönəlib”.
Ekspertin fikrincə, hazırda Ermənistanla müqayisədə Azərbaycan Fransa üçün daha böyük iqtisadi əhəmiyyət kəsb edir:
“Buna baxmayaraq, Fransanın erməni simpatiyası davam edir və bu onların siyasi səhnədə erməniyönümlü mövqelərində, senatlarının qəbul etdiyi qətnamələrdə özünü göstərir.
Fransa imperial maraqları olan dövlətdir. Fransa nə qədər ermənipərəst olsa da, öz iqtisadi maraqlarının təmin olunmasını ermənilərin milli arzularından daha vacib hesab edir. Məhz bu səbəblə fransızlar I Dünya müharibəsinə qədər erməni millətçi-terrorist təşkilatlarının yaranmasına şərait yaratsa da, onları dəstəkləsə də, I Dünya müharibəsinədək Osmanlı dövlətindəki iqtisadi maraqlarını qorumağın vacib olduğunu düşünüb.
Müasir dövrdə Cənubi Qafqazda yaşanan hadisələr fonunda isə qeyd etmək olar ki, Azərbaycanda separatçı ideyaların daşıyıcıları Fransa üçün hər zaman regionda geosiyasi təsirini qorumaq məqsədilə xarici siyasət aləti olub. Lakin Azərbaycan qəti iradəsi ilə bu ideya daşıyıcılarını, onların saxta qurumlarını məhv etdi.
Fransa öz milli maraqlarından çıxış edərək yaratdığı və dəstəklədiyi alətin çıxardığı səsləri bəzən artırır, bəzən isə basdırır. Hökumət isə milli maraqlar kontekstində Senatın bu səslərlə həmahəng şəkildə qəbul etdiyi qətnamələri rədd edir. Bu baxımdan Fransa Senatında, yaxud parlamentinin aşağı palatasında qəbul edilən qətnamələrin dövlətin real xarici siyasətinə təsiri olmasa da, Fransa Azərbaycana, ümumilikdə türk dünyasına münasibətində ikiüzlü siyasətinin davam etdiyini bir daha göstərir”.Musavat.com