BAKI, 5 fevral. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə açıq şəkildə Ukraynaya müdaxilə etmək hüququnun olmadığını bildirib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
O vurğulayıb ki, Tramp Putinin Ukraynaya hücum etmək haqqının olmadığını bəyan edib, həmçinin maraqların qismən üst-üstə düşdüyü ölkələrlə əməkdaşlıq imkanını istisna etməyib.
“Müharibəni dayandırmağa çalışacağıq, amma əməkdaşlıq sahələri də ola bilər”, - Vens vurğulayıb.
Vitse-prezident bu yanaşmanı belə izah edib ki, Trampın xarici siyasəti “Hər şeydən əvvəl Amerika” prinsipi və praqmatizm üzərində qurulub.
Ceyms Devid Vens əmin edib ki, ABŞ Prezidentinin mövqeyi dünyanı “dostlar” və “düşmənlər” kimi bölmək deyil, ittifaqlar və maraqlar üzərində işləməkdir:
“Bir ölkə ilə əksər məsələlərdə razılaşmaya bilərsən, amma bəzi sahələrdə ortaq məxrəc axtarmaq olar. Trampın yanaşmasının əsas fərqi budur ki, hər kəslə danışmağa hazırdır, münaqişələri həll etməyin yolu budur”.