AZ

Gəlin imtahanların yox, fənlərin sayını azaldaq Ekspertdən TƏKLİF

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, deputat Siyavuş Novruzov Milli Məclisdə şagirdlərin imtahanlarının çoxluğundan şikayətlənib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, təhsillə bağlı danışarkən elmi məlumatlara, tədqiqatlara əsaslanaq və dünyada təhsildə gedən prosesləri izləyərək ölkəmizdəki təhsil proseslərinə şərh bildirmək lazımdır:

"Azərbaycanda düşünürəm ki, imtahanların sayı çox deyil, fənlərin sayı çoxdur. Yəni müxtəlif fənlər tədris olunur və hər fənn həftədə iki-üç saat keçirilir. Belə olduqda uşaqlar çoxlu fənn öyrənir, amma səthi öyrənir, dərinliyə gedə bilmirlər. Hər fənn üzrə, hər müəllim öz fənnindən ayda bir kiçik summativ qiymətləndirmə keçirdikdə isə görün imtahanların sayı nə qədər artır. İmtahanlar həddindən çox olur".

Mütəxəssis problemdən çıxış yolundan da danışdı. 

"Mənim təklifim budur ki, gəlin biz imtahanların sayını yox, fənlərin sayını azaldaq. Bir uşaq sadəcə yeddi-səkkiz fənnə girsin, bəlkə daha az. Yuxarı siniflərə doğru getdikcə fənlərin müxtəlifliyi daha da azalsın və şagirdlər yalnız həmin fənlərlə məşğul olsunlar, həmin fənlərdə dərinə getsinlər, həmin fənləri dərindən mənimsəsinlər. Belə olduqda düşünürəm ki, nəticələrimiz daha yaxşı olar. Əlbəttə, imtahansız bir tədris prosesini təsəvvür etmək mümkün deyil, çünki imtahan qiymətləndirmədir. Biz standartın harasında olduğumuzu görməliyik. Bizdən tələb olunan təhsil standartlarının hansı faizini, hansı hissəsini tamamladığımızı həm özümüz görməliyik, həm valideynlər görməlidir, həm də təhsil idarəçiləri görməlidirlər. Ona görə də imtahan qaçılmazdır. Amma imtahan yalnız qapalı testlərlə olmaq məcburiyyətində deyil, bunu da xüsusilə qeyd edirəm: fərqli, alternativ qiymətləndirmə formalarına da keçmək lazımdır", - deyə o yekunlaşdırdı. 

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
redaktor.az

3Mənbələr