ain.az, Konkret.az saytına istinadən bildirir.
Dövlət Gömrük Komitəsi “smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Xəbərdarlıqda bildirilir ki, iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identifikasiya nömrəsi ilə etmək mümkün olmayacaq. “2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”, – deyə məlumatda bildirilir.
KONKRET.az-ın məlumatına görə, demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, hələ bunun üçün zaman var:
“Sadəcə olaraq bu dəyişikliklərin səbəbini anlamaq çətindir. Bu məsələ ilə bağlı aidiyyəti qurumların açıqlama verməsi çox yaxşı olardı. Hazırda bu dəyişikliklərin hansı zərurətdən irəli gəldiyini anlamaq hələlik çətindir. Əgər məqsəd sifarişi edən şəxsin şəxsiyyətini müəyyənləşdirməkdirsə, bu onsuz da mövcud mexanizmlərlə mümkündür. Çünki malı təhvil alarkən və ya ödəniş zamanı şəxsin kimliyi artıq müəyyən olunur. Bu baxımdan sözügedən dəyişikliklərin onlayn alış-verişə ciddi mənfi təsir göstərəcəyini düşünmürəm”.
Qeyd edək ki, hazırda elektron ticarət bəyannamələrinin rəsmiləşdirilməsi zamanı FİN və parol ilə girişdən istifadə edən vətəndaşların sayı kifayət qədərdir. Yeni qaydaların tətbiqi bu istifadəçilərin elektron imza vasitələrinə keçidini zəruri edəcək. Dəyişikliklərin praktikada hansı nəticələr verəcəyi isə tətbiq mərhələsindən sonra daha aydın görünəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.