Ukrayna prezidenti sülhün bir ildən az müddətdə əldə oluna biləcəyini və ordunun itkiləri ilə bağlı rəsmi rəqəmi açıqlayıb…
Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski France 2 telekanalına müsahibəsində ölkəsində davam edən müharibənin 2027-ci ilin əvvəlindən gec olmayaraq başa çatacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, sülhə nail olmaq üçün real perspektivlər mövcuddur və bu proses uzun illər çəkməməlidir.
“Mən ümid edirəm ki, sülh bir ildən də az müddətdə əldə olunacaq”, deyə Zelenski qeyd edib.
Ukrayna lideri eyni zamanda müharibə zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi statistikanı da açıqlayıb.
“Ukraynada rəsmi məlumatlara görə, istər peşəkar hərbçilər, istərsə də səfərbər olunanlar arasında döyüş meydanında həlak olanların sayı 55 min nəfərdir”, deyə o vurğulayıb.
Zelenski bildirib ki, Kiyev münaqişənin ədalətli və davamlı sülh əsasında həllində maraqlıdır və beynəlxalq tərəfdaşlarla bu istiqamətdə fəal diplomatik səylər davam etdirilir. Onun sözlərinə görə, müharibənin uzanması həm Ukrayna, həm də region üçün ağır humanitar və təhlükəsizlik nəticələri doğurur.
Poliqon.info