AZ

“Naftalan”nın direktoru: “Kimsə klinikasını “Əhmədli bazarı”na çeviribsə…” – SENSASİON CAVAB

Son günlər Naftalan müalicəsinin təhlükəli, hətta ölümcül ola biləcəyi ilə bağlı yayılan iddialar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə və mediada səslənən fikirlərdə Naftalan neftinin radiasiya yaydığı, xərçəng hüceyrələrini aktivləşdirdiyi, eləcə də ürək-damar xəstələri üçün risk daşıdığı iddia olunur. Mövzu ətrafında həkimlər arasında da müxtəlif yanaşmalar mövcuddur: bir qisim mütəxəssis Naftalanın düzgün seçilməyən hallarda və nəzarətsiz tətbiqinin təhlükəli ola biləcəyini bildirir, digərləri isə bu iddiaların elmi əsasının yetərli olmadığını vurğulayır. Müzakirələr fonunda Naftalan müalicəsinin real riskləri, əks göstərişləri və tətbiq qaydaları ilə bağlı suallar aktuallaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu suallara aydınlıq gətirmək üçün Sağlamlıq Mərkəzinin direktoru İlqar Hüseynov müsahibə verib.

– Son günlər Naftalan müalicəsinin xərçəng yaratdığı və ürək xəstələri üçün təhlükəli olduğu, hətta ölümcül nəticələrə səbəb ola biləcəyi ilə bağlı iddialar səslənir. Bu fikirlərə münasibətiniz necədir?

 

– Bu, Bakıda oturub danışan həkimlərin fikridir. Onlara deyin ki, Naftalan müalicəsi ilə məşğul olublarmı? Mən şəxsən 20 ildir bu sahədəyəm. Bununla bağlı real bilikləri varmı, yoxsa ağızdan-ağıza danışırlar? Bu məsələnin elmi əsaslandırması olmalıdır. Qoy əsaslandırsınlar ki, Naftalan orqanizmdə hüceyrəni necə dəyişir, necə böyüdür. Elmi sübut təqdim etsinlər.

Orqanizmdə qələviliyin artması turşuluğun azalmasına səbəb olur. Əgər çəkdiyimiz siqaret belə xərçəng hüceyrələrini böyüdürsə, Naftalan bunu o səviyyədə edə bilməz. Bizim qəbul etdiyimiz qidalar orqanizmdə pH balansına təsir edir. Normalda pH 7.4 olmalıdır. Əgər bu göstərici 4.5–3.5-ə düşürsə, həmin insan faktiki olaraq onkoloji xəstədir. O insan ömrü boyu Naftalan üzü də görməyib.

Bu gün paketlənmiş qidaların hamısı onkologiyanı çox sürətlə artırır. Niyə? Çünki onların tərkibində turşuluq yüksəkdir. Biz qələviliyi artırmalıyıq. Bunun üçün meyvə-tərəvəzə üstünlük verilməlidir. Geni bəlli olmayan qidalar orqanizmdə ciddi dəyişikliklər yaradır. Gedin Onkologiya Mərkəzinin qarşısında dayanın, 20 nəfərdən soruşun – Naftalan üzü görən varmı? Yoxdur.

Ümumiyyətlə, Naftalan həm onkoloji xəstələrə, həm də ürək-damar xəstəliklərinin üçüncü dərəcəsi olanlara qadağandır. Biz hüceyrənin fəallığını artırırıq və bu zaman onun artma ehtimalı ola bilər. Aptekdə satılan hər bir dərmanın həm faydası, həm də əks göstərişi var. Bu, yalnız dərmanlara deyil, Tanrının yaratdığı bütün təbii resurslara aiddir. Yəni Naftalan onkologiya yaratmır. Amma bədənində artıq yaranmış onkoloji xəstəliyi olanları qəbul etmirik.

Ümumiyyətlə, onkoloji xəstələrə Natrium xlorid belə qadağandır. Çünki o, Naftalandan da artıq hüceyrə fəallığını artıra bilir.

– Burada bir məqam da diqqət çəkir. “Check-up” müayinələr bahalı olduğu üçün bir çox insanlar vaxtında müayinə olunmur. Ola bilər ki, insan özü bilmədən onkoloji xəstədir. Belə halları necə müəyyən edirsiniz?

– Biz bura gələn hər bir pasiyentdə ilk növbədə onkoloji riskləri araşdırırıq. Şiş varsa, həmin şəxsi qəbul etmirik. Mən altı xarici ölkədə mühazirələr oxuyuram və nə danışdığımı da bilirəm. Qanın tərkibinə baxan kimi vəziyyəti anlayıram. Amma kimsə klinikasını Əhmədli bazarına çeviribsə, bu artıq onun problemidir.

Mən qanın pH göstəricisinə baxan kimi vətəndaşı geri qaytarıram və deyirəm ki, biopsiya götürülsün, tərkib dəqiqləşdirilsin. Biz insan müalicəsi ilə məşğuluq, maşın təkəri bərkitmirik. Mən üç dəfə – 2008, 2011 və 2013-cü illərdə Prezidentin qarşısında Naftalan neftinin müalicə mexanizmi ilə bağlı çıxış etmişəm.

– Sovet dövründə sanatoriyalara göndəriş yalnız poliklinikalarda tam müayinədən sonra verilirdi. Bu praktika indi də varmı?

– Bəli, poliklinikadan arayış tələb olunur. Dövlət putyovkası ilə gələn şəxslər üçün bu, məcburidir. Dövlət büdcəsinin vəsaiti havayı xərclənməməlidir. Əgər insanın Naftalan müalicəsinə ehtiyacı varsa, poliklinika ona rəsmi göndəriş verir.

– Bəs putyovkası olmayanlar üçün mərkəzdə müayinələr aparılırmı?

– Bura gələn hər bir vətəndaş 11 kabinetdən, 11 həkimin müayinəsindən keçir. EKQ, EXO müayinələri aparılır, təzyiqin olub-olmaması, hansı səviyyədə olduğu yoxlanılır. Damar tutulması, tromb riski araşdırılır. Biz insan taleyi ilə məşğuluq.

– Azərbaycanda psoriazdan əziyyət çəkənlərin də sayı heç az deyil. Şikayət edirlər ki, nə qədər müalicə etsələr də sağalmır.  Naftalan bu xəstəlikdə nə dərəcədə effektlidir?

– Psoriaz üzrə dünyanın 30 ölkəsindən xəstə qəbul etmişəm və çox yüksək nəticələr əldə etmişik. Naftalan psoriazın yeganə müalicə üsuludur. İsrail, Türkiyə, Polşa, hətta Nikaraquadan gələnlər olub. Prezident buraya gələndə Polşadan olan nümayəndə heyətində iki nəfər psoriazdan əziyyət çəkirdi. Onları iki il müalicə etdik, hələ də əlaqə saxlayırıq.

Müharibədən əvvəl Ukraynadan gələn xəstələr var idi ki, 20 il dalbadal Naftalana gəlirdilər. 85 yaşlarında idilər, amma 50 yaşındakı insanlar kimi görünürdülər. Ona görə də deyirəm, Naftalan təhlükəli deyil. Yetər ki, orqanizmdə şiş olmasın. Əgər belə bir hal varsa və insan qeydiyyatdadırsa, ona Naftalan olmaz.

Dərmanlarda olduğu kimi, Naftalanın da əks göstərişləri var – əsasən üçüncü dərəcəli ürək xəstəlikləri, xüsusilə stend qoyulmuş xəstələr üçün. Amma bunun da alternativ variantları mövcuddur. Naftalan fraksiyalara ayrılır. Birinci fraksiyada demək olar ki, zərərli komponent yoxdur, təmiz Naftalan yağı əldə olunur və yaxmada istifadə edilir. İkinci fraksiya isə ginekoloji xəstəliklərdə tampon şəklində tətbiq olunur. Biz tərkibini bilməsək, bu işi görmərik. Altı il Abel Məhərrəmovun rəhbərliyi dövründə Bakı Dövlət Universitetində çalışmışam, dörd professorla işləmişəm. Moskvadan, Nyu-Yorkdan yanıma insanlar gəlib. 15 il mühazirə oxumuşam. Ona görə də “Naftalan xərçəng yaradır” iddiaları yanlışdır. Əlimizdə tutduğumuz nikotin birbaşa onkologiyaya aparan yoldur. Niyə bundan danışmırıq? Bakıda hər 10 nəfərdən 9-nun əlində siqaret var. Naftalanın onkologiya ilə heç bir əlaqəsi yoxdur. Sadəcə orqanizmdə artıq xərçəng hüceyrəsi aktiv fazada olmasın.

Əslində xərçəng hüceyrələri hər kəsdə var. Əsas məsələ immunitetdir. İmmunitet güclü olsa, orqanizm həmin hüceyrələri özü məhv edir və insan ömrü boyu xərçəngə tutulmaya bilər. İmmunitet düşəndə isə yüz cür xəstəlik ortaya çıxır. /Musavat.com/

Seçilən
47
nocomment.az

1Mənbələr