
Son illərdə bir çox qlobal şirkətlər və yerli işəgötürənlər namizədlərdən diplomla yanaşı, birbaşa praktik təcrübə və real iş bacarıqları tələb etməyə başlayıblar. Hətta bəzi sahələrdə konkret bacarıqların diplomdan daha ön plana çıxdığı, akademik sənədlərin isə arxa plana keçdiyi açıq şəkildə müşahidə olunur.
Bəs, sürətlə dəyişən bu yeni reallıqda universitetlər öz aktuallığını necə qorumalı və tələbələr "Kağız üzərindəki bilik"dən real səriştəyə necə keçid etməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.
O qeyd edib ki, müasir dövrdə praktiki bacarıqların əhəmiyyəti gündən-günə artır, diplomların əhəmiyyəti isə getdikcə azalır.

"Gün keçdikcə praktiki bacarıqlara olan tələbat artır. Hər gün yeni səriştələr ortaya çıxır, yeni bacarıqlar tələb olunur, yeni alətlər kəşf edilir. Bu səbəbdən dünənin diplomu və dünənin səriştəsi bu gün artıq aktuallığını itirir. Dünən əldə olunan bilik bu gün dəyərsizləşir, çünki həmin biliyi artıq hər yerdə tapmaq mümkündür.
Əgər universitetlər yalnız bilik ötürürsə, bu biliklərin dəyəri getdikcə azalır. Çünki bir şey nə qədər çox yayılıbsa, onun dəyəri bir o qədər aşağı düşür. Ümumiyyətlə, bütün nəsnələr az olduqları qədər dəyərlidirlər. Qızıl az olduğu üçün, brilyant nadir olduğu üçün dəyərlidir. Digər tərəfdən, bir nəsnənin dəyəri onun işə yararlılığı ilə də ölçülür. Məsələn, neft ona görə dəyərlidir ki, çox sahədə istifadə olunur və ondan saysız-hesabsız məhsullar hazırlanır.
Bu analogiyanı insana tətbiq etsək görərik ki, bir insanın biliyi, savadı, bacarığı və səriştəsi yalnız işə yaradığı halda dəyərlidir. Əgər həmin bilik və bacarıqlar bugünkü tələblərə cavab vermirsə, onların real dəyəri olmur. Məhz buna görə də müasir dövrdə praktiki bacarıqların əhəmiyyəti gündən-günə artır, diplomların əhəmiyyəti isə getdikcə azalır. Yəni bu gün iş tapa bilmək üçün əsas şərt bacarıq və səriştədir, diplom isə bir çox hallarda artıq əsas şərt sayılmır".
Universitet diplomları bəzən nə sənət qazandırır, nə də verdiyi sənəd real dəyər yaradır:
"Dövlət işi, təhsil, səhiyyə, hüquq kimi sahələrdə hələ də diplom vacibdir və əhəmiyyətini qoruyur. Çünki bunlar klassik sahələrdir. Ancaq mühəndislik kimi texniki sahələrdə diplomun əvvəlki qədər önəmi yoxdur. Bununla belə, vəzifədə yüksəlmək baxımından diplomlar hələ də rol oynayır.
Məsələn, əgər söhbət sırf mühəndislik fəaliyyətindən gedirsə, bir insan bu bacarığı özü də öyrənə bilər. Amma işə qəbul olunmaq üçün müəyyən sertifikatlaşdırmadan keçməlidir, yəni onun rəsmi lisenziyası olmalıdır. Necə ki, sənədi olmadan sənətin əhəmiyyəti olmur. İnsan nə qədər bacarıqlı olsa da, sənədi yoxdursa, bu vəziyyət gec-tez onun qarşısına maneə kimi çıxır. Çünki o bacarıqlarını sübut etməli, imtahanlardan keçməli, sertifikatlar almalıdır.
Problem ondadır ki, universitet diplomları bəzən nə sənət qazandırır, nə də verdiyi sənəd real dəyər yaradır. Universitet diplom, sertifikat verir, amma bunun nəticəsində tələbəyə peşə bacarığı və real səriştə qazandırmır. Məhz buna görə də insanlar universitet təhsilinə maraqlarını gündən-günə itirirlər. Bu yalnız universitetlərin problemi deyil, həm də dövrün gətirdiyi reallıqdır. Universitetləri təkbaşına günahlandırmaq düzgün olmaz".
Əgər diplomun arxasında real bilik, savad, səriştə və bacarıq yoxdursa, onun əhəmiyyəti qalmır:
"Dövr elə bir mərhələyə gəlib çatıb ki, bilik çox sürətlə istehsal olunur və yeni biliklər köhnə bilikləri tez bir zamanda əvəzləyir. Köhnə biliklər arxaikləşir və əhəmiyyətini itirir. Bu şəraitdə tələbə bilməlidir ki, təkcə universitet diplomu onu avtomatik olaraq işə aparmayacaq. Mən demirəm ki, universitet oxumasın, diplom almasın. Əksinə, mütləq oxumalı və diplom almalıdır. Çünki o diplom bir çox qapını açır. Amma düşünməməlidir ki, yalnız diplom kifayətdir. Əgər diplomun arxasında real bilik, savad, səriştə və bacarıq yoxdursa, onun əhəmiyyəti qalmır. Yəni diplom da olsun, sertifikat da olsun, amma onların təməlində mütləq praktik bilik və bacarıqlar dayanmalıdır.
Bəzən müəssisə sənəd verir, amma bilik və bacarıq verə bilmir. Bu halda məsuliyyət artıq tələbənin üzərinə düşür. O, özünü təlim yolu ilə inkişaf etdirməli, bilik və bacarıqları özü qazanmalıdır. Məhz buna görə universitet modelləri dəyişməyə başlayıb. Bir illik, yarım illik, iki illik proqramlar, sürətli bakalavr proqramları, 29 aylıq bakalavr proqramları təklif olunur. Bunun səbəbi odur ki, dörd illik bakalavr təhsili artıq bir çoxları üçün uzun müddət hesab olunur. Məsələn, İngiltərədə bakalavr təhsili 36 ayda tamamlanır və məzun əmək bazarına daxil olur. Belə bir dövrdə tələbələrin üzərinə çox böyük məsuliyyət düşür. Onlar daim yeni biliklər öyrənməli, köhnə bilikləri yeniləməlidirlər. Əks halda əmək bazarından kənarda qalmaq riski ilə üzləşəcəklər".
Universitetlə əmək bazarı arasında qarşılıqlı tələb–təklif münasibəti formalaşmalıdır. Universitet bazarın real ehtiyaclarını görməli, əmək bazarı isə kadrların hazırlanma prosesində iştirak etməlidir:
"Ənənəvi ali təhsil sisteminin akademik baza formalaşdırmaq missiyası ilə iş dünyasının tələb etdiyi çevik vərdişlər arasında balans pozulub. İş dünyası çox sürətlə dəyişir, universitetlər isə bu dəyişikliklərə uyğunlaşmaqda yubanır. Akademik biliklər və akademik baza artıq əmək bazarının tələbləri qarşısında yetərli olmur.
Məhz buna görə universitetlər mütləq əmək bazarı ilə sıx əlaqədə olmalıdır ki, bazarın real ehtiyaclarını görə bilsinlər. Eyni zamanda əmək bazarı da universitetlərlə yaxın münasibətdə olmalıdır ki, istədiyi kadrları əvvəlcədən yönləndirə, onların hazırlanma prosesində iştirak edə bilsin. Yəni universitetlə əmək bazarı arasında qarşılıqlı tələb–təklif münasibəti formalaşmalıdır.
Yekun məhsul tələbədir, xidməti təqdim edən isə universitetdir. Universitet universitet olaraq qalmaq, tələbə cəlb etmək və rəqabətdə geri qalmamaq istəyirsə, bazarın ehtiyac duyduğu təhsil xidmətlərini tələbələrinə təklif etməlidir. Eyni zamanda tələbələr də bazarın tələb etdiyi bilikləri, savadı, səriştə və bacarıqları əldə etməyə çalışmalıdırlar. Amma burada aparıcı rol yenə də universitetin üzərinə düşür. Çünki tələbə çox vaxt bu yaşda əmək bazarının real tələblərini tam dərk edə bilmir. Universitet isə bu boşluğu görməli, məsuliyyəti üzərinə götürməlidir.
Əgər universitet giriş qapısını geniş, çıxış qapısını isə dar etsə, yəni hər kəsi qəbul edib keyfiyyətli savadla məzun etsə, müəssisə və şirkətlərlə real əməkdaşlıq quraraq tələbənin ehtiyac duyacağı səriştələri ona qazandırsa, düşünürəm ki, bu modeldə hər kəs qazanar. Həm universitet, həm tələbə, həm də əmək bazarı. Nəticədə cəmiyyət daha rifahlı, daha dayanıqlı və maddi baxımdan daha güclü olar".