30 yanvar 2026-cı il tarixində gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.
Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.