AZ

Azərbaycanda bu evlərə çıxarış verilməyəcək

Bakıda bəzi yaşayış evlərinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin — kupçanın verilməyəcəyi açıqlanıb. Bildirilib ki, yüksək təzyiqli qaz xətlərinin, eləcə də dəmir yolu zolaqları daxilində inşa edilən tikililərin sənədləşdirilməsi qanunvericiliyə əsasən mümkün deyil. Sözügedən məsələ həmin ərazilərdə illərdir məskunlaşmış vətəndaşların gələcək taleyi ilə bağlı suallar yaradır.

Ekspertlərin fikrincə, bu tikililər təhlükəsizlik baxımından riskli zonalarda yerləşdiyi üçün dövlət həmin ərazilərdə mülkiyyət hüququnu tanıya bilməz. Tikinti üzrə ekspert Elnur Fərzəliyev Yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, mühafizə zolaqlarını pozmaqla, qadağan olunmuş ərazilərdə inşa edilən yaşayış evlərinə çıxarışların verilməsi mümkünsüzdür. Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xətləri, dəmir yolu zolaqları və digər kommunikasiya xətlərinin üzərində və ya yaxınlığında tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi faktiki olaraq qeyri-mümkündür. Ekspert vurğulayıb ki, gələcəkdə baş verə biləcək hər hansı qəza ağır fəsadlara, hətta böyük fəlakətlərə səbəb ola bilər.

Maraqlıdır, bəs bu məsələ hüquqi baxımdan necə həll olunmalıdır?

Hüquqşünas Ramil Süleymanov isə saytımıza açıqlamasında bildirib ki, sözügedən torpaq sahələri dövlət tərəfindən mühafizə zolağı kimi götürülməli, həmin ərazilərdə yaşayan sakinlərə isə alternativ torpaq sahələri təqdim olunmalıdır. Onun fikrincə, mövcud vəziyyətdə ya vətəndaşların əvvəllər inşa etdiyi fərdi yaşayış evlərinə müvafiq sənədlər verilməli, ya da həmin ərazilər dövlət hesabına alınaraq sakinlərə alternativ torpaq sahələri ayrılmalı və yeni evlərin tikintisi üçün şərait yaradılmalıdır. Hüquqşünas əlavə edib ki, fərdi yaşayış evlərinin tikilməsi, kommunal xidmətlərdən istifadə və yaşayış şəraitinin təmin edilməsi dövlətlə vətəndaş arasında bağlanacaq müvafiq razılaşma əsasında tənzimlənməlidir.

Qeyd edildiyi kimi, mütəxəssislər vətəndaşlara ev alarkən və ya tikinti apararkən ərazinin hüquqi statusunu və təyinatını əvvəlcədən araşdırmağı tövsiyə edirlər. Çünki qanunsuz və riskli zonalarda inşa edilən tikililər gələcəkdə ciddi hüquqi və sosial problemlərə yol aça bilər.

Havar Şəfiyeva

Seçilən
29
yeniazerbaycan.com

1Mənbələr