ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq təsadüfi xarakter daşımır, möhkəm tarixi əsaslara söykənir. Belə ki, 1994-cü il dekabrın 13-də Ulu Öndər Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli münasibətlərin formalaşmasında mühüm mərhələ olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, ardınca, 2006-cı il noyabrın 20–21-də Prezident İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri bu əlaqələrin inkişafına yeni dinamika qazandırıb. Yaxın tarixə nəzər saldıqda da Azərbaycan–BƏƏ münasibətlərinin yüksək səviyyədə davam etdiyini görmək mümkündür. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi səfər edib. Həmçinin COP29 tədbirləri çərçivəsində ölkəmizə səfəri ilə Azərbaycanın beynəlxalq təşəbbüslərinə siyasi dəstəyini nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə 2025-ci il yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Bu səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini və qarşılıqlı siyasi dialoqun davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Sevindirici hal ondan ibarətdir ki, bu münasibətlər hər zaman irəliyə doğru atılan addımlar kimi özünü göstərir və real nəticələrlə yadda qalır. Hesab edirəm ki, bunun ən bariz nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin cari ildə Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi səfərdir.
QHT sədri qeyd edib ki, möhkəm dövlətlərarası münasibətlərlə yanaşı, Prezident İlham Əliyev ilə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında formalaşmış qarşılıqlı etimad və inam bu əlaqələri yeni mərhələyə yüksəldir. Bu baxımdan Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin Əbu-Dabidə keçirdikləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri əməkdaşlığın praktiki göstəricisi kimi xüsusi qeyd edilə bilər. Prezident İlham Əliyevin uğurlu diplomatik addımları nəticəsində beynəlxalq və regional proseslərdə Azərbaycanın aktor kimi rolunun artması bu cür spesifik və çoxşaxəli yanaşmaları daha da diqqətçəkən edir. Bu proseslər postmüharibə dövründə dövlətimizin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
“Eyni zamanda, mühüm məqamlardan biri də Şeyx Zayed Fondunun təsis etdiyi və qlobal miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Prezidentinə təqdim olunmasıdır. Bu fakt Azərbaycanın yalnız hərbi və siyasi gücə deyil, eyni zamanda, sülhü, dialoqu və humanist dəyərləri təşviq edən dövlət kimi beynəlxalq nüfuz qazandığını təsdiqləyir. Azərbaycan hərbi gücü ilə yanaşı, milli maraqlarını və ərazi bütövlüyünü qorumağa qadir olduğunu göstərməklə, eyni zamanda, sülhü təşviq edən və regional sabitliyə töhfə verən məsuliyyətli dövlət kimi öz mövqeyini möhkəmləndirir”, - deyə C.Hüseynzadə vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.