AZ

“Münasibətlərdə tez-tez dəyişiklik etmək şəxsiyyət pozuntusudur” - PSİXOLOQ DANIŞDI

“Uşaqların formalaşma prosesində valideynlərin yanaşması, xüsusilə də erkən yaş dövrlərində yaradılan psixoloji və emosional mühit sonrakı həyat mərhələlərinə birbaşa təsir göstərir”.
Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, bu baxımdan, uşaqların tərbiyəsində oyuncaqların sayı və onlarla qurulan münasibət xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssislərin də vurğuladığı kimi, həddindən artıq çox oyuncaq uşağın diqqətini yayındırır, dərin fokuslanma və məsuliyyət hissinin formalaşmasını zəiflədir. Az, lakin funksional və məqsədyönlü oyuncaqlarla oynayan uşaq isə əşyalara münasibətdə dəyər anlayışını, paylaşmağı, səbr etməyi və öz davranışlarını tənzimləməyi daha asan mənimsəyir.

Erkən yaşlarda oyuncaqlarla düzgün münasibət qura bilməyən, onları qorumağı və idarə etməyi öyrənməyən uşaqlarda sonrakı dövrlərdə davranış pozuntuları, emosional qeyri-sabitlik və impulsiv qərarvermə halları ilə daha tez-tez rast gəlinir. Bu tip hallarda fərd böyüdükcə öz duyğularını idarə etməkdə çətinlik çəkir, emosional reaksiyaları nəzarət altına almaqda aciz qalır. Emosional özünütənzimləmənin zəifliyi isə sosial münasibətlərdə, xüsusilə də yaxın və intim əlaqələrdə özünü daha qabarıq şəkildə göstərir.

Duyğularını idarə edə bilməyən şəxslər çox zaman münasibətlərdə sabitlik göstərə bilmir, tez-tez partnyor dəyişməyə meyil edirlər. Bu davranış yalnız psixoloji qeyri-sabitliyin deyil, eyni zamanda məsuliyyətsizlik və emosional yetkinliyin tam formalaşmamasının göstəricisi kimi çıxış edir. Partnyorların tez-tez dəyişdirilməsi həm sosial, həm də sağlamlıq baxımından ciddi risklər yaradır; xüsusilə cinsi yolla keçən xəstəliklərin yayılması ehtimalını artırır və fərdin psixoemosional vəziyyətini daha da zəiflədir.

Bu kontekstdə əsas məsələ fərdin öz daxili ehtiyaclarını və gözləntilərini dərk etməsidir. İnsan ilk növbədə özünə sual verməlidir: “Mən bu münasibətdə nəyi dərk etdim? Nə qazandım və nə itirdim?” Bu tip özünüdəyərləndirmə və refleksiya mexanizmləri formalaşmadıqda, münasibətlər yalnız emosional boşluqları doldurmaq vasitəsinə çevrilir və davamlı dəyişikliklər labüd olur. Halbuki fərd münasibətlərində qazandıqlarının və itirdiklərinin tam fərqində olduqda, qərarlarını daha şüurlu verir və impulsiv davranışlardan uzaq durur.

Münasibətlərdə tez-tez dəyişiklik etmək təkcə fərdi seçim deyil, əksər hallarda şəxsiyyət pozuntuları, emosional qeyri-sabitlik və erkən dövrdə düzgün formalaşmamış davranış modellərinin nəticəsi kimi qiymətləndirilə bilər. Bu səbəbdən uşaqlıqdan etibarən məsuliyyət hissinin, emosional intellektin və dəyərlərə hörmət anlayışının formalaşdırılması cəmiyyətin psixoloji sağlamlığı baxımından strateji əhəmiyyət daşıyır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
24
1
sia.az

2Mənbələr