Çox pis şeylər baş verir indi «Araz-Naxçıvan»da.
Zaur Axundovun başı son vaxtlar öz işlərinə qarışıqdır, komandaya əvvəlkitək diqqət göstərə, maraqlana bilmir.
Belə vəziyyətdə Andrey Demçenko dənizdə atılmış adama bənzəyir. Elmar Baxşıyev heç olmasa, ara-sıra özünü rəhbərin kabinetinə salırdı, sözünü deyir, kömək alırdı, dəstəyi var idi.
Ukraynalı həmkarı isə Ceyhun Sultanovun ümidinə qalıb, seleksiya üzrə məsul şəxsin isə hər işi həll etməyə gücü çatmır.
«Araz» baş məşqçi dəyişikliyindən sonra daha zəif təsir bağışlayır. Demçenko bunu sistem dəyişikliyi və zədəlilərin çoxluğu ilə əlaqələndirir, amma problemlərin sərhədi burada bitmir.
Əvvəl komanda daxilində ikitirəlik mövcud idisə, hazırda düşərgə müxtəlif qruplaşmalara bölünüb.
Baxşıyevin simpatizanı olan futbolçularla Sultanovun Azərbaycana gətirdiyi legionerlərin münasibətlərində gərginlik artıb.
Bir də «mən daha çox maaş almalıyam» hikkəsi ilə hər gün məşqə gəlib-gedən qrup var, hansılar ki, sərbəstcə, heç kimdən qorxmadan aranı qatır, suyu bulandırırlar.
Hamısının ayağı yer alıb son vaxtlar. Bu hal «Araz»ı iddiasından uhaq salır yavaş-yavaş. İki-üç həftə belə davam etsin, biz bu komandanın autsayderlər qrupuna üzv olmasından,
Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq təhlükəsindən danışacağıq.
ELNUR