Bu gün Xalq artisti Tariyel Qasımovun doğum günüdür.
Ölkə.az xəbər verir ki, 87 yaşlı aktyor Qaynarinfo-ya açıqlamasında hazırda Ağstafa rayonunda olduğunu və doğum gününü orada qeyd edəcəyini bildirib:
"Doğum günü ilə bağlı telefon zəngləri gəlir, hamı məni təbrik edir. İlk təbriki İlham Pirməmmədovdan almışam, sağ olsun. Yaxşı insanı həmişə axtarıb tapırlar. Səhər tezdən evdən çıxmışam. Qonşuluqda bir çayxana var, bütün kəndin qoca kişiləri buradadır. Onların arasında oturub nərd oynayırıq. Bir azdan məclis başlayacaq. Buradan evə gedəcəyik, dostlarla deyib-güləcək, yeyib-içəcək, sağlıqlar deyib badələr qaldıracağıq. Bundan gözəl nə ola bilər ki?”
Xalq artisti yeni yaşında özünə can sağlığı arzuladığını da deyib:
"Bu yaşda insan nə arzulayar? Əlbəttə ki, can sağlığı. Canın sağdırsa, həmişə əylənəcəksən, istədiyin qədər də içəcəksən. Mən yeyib-içən adamam. Təbrik edənlərim çoxdur. Kim ad günümdə iştirak edə bilməyəcəksə, onun əvəzindən də sağlıq deyib içəcəyik. Elə sizin də əvəzinizdən badə qaldırıb sağlıq deyərəm”.