AZ

ABŞ Sudana dair sülh planını “Sülh Şurası”nda müzakirəyə çıxaracaq

Bakı, 4 fevral, AZƏRTAC

ABŞ-ın ərəb və Afrika ölkələri üzrə baş müşaviri Massad Bulos bildirib ki, Tramp administrasiyası Sudanın müharibə edən tərəflərinin razılıq verəcəyi təqdirdə Sudan sülh planını BMT Təhlükəsizlik Şurasına əlavə olaraq Prezident Donald Trampın “Sülh Şurası”nda müzakirəyə çıxarmağı planlaşdırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Bulos Vaşinqtondakı ABŞ Sülh İnstitutunda Sudan Humanitar Fondu ilə birgə keçirilən tədbirdə bildirib: “Çox güman ki, bunu münaqişə tərəflərinə qəbul etdirə, Təhlükəsizlik Şurasına çıxara bilərik... Bundan qısa müddət sonra “Sülh Şurasın”da da müzakirələr ola bilər”.

O əlavə edib ki, “Sülh Şurası” bu proseslə çox maraqlanır. Sülh planının Şurada müzakirəyə çıxarılmasının məqsədi barədə danışan Bulos deyib: “Sülh Şurası” olduqca həvəsli olan daha kiçik bir qrupdur. Əlbəttə, hazırda onun diqqəti Qəzzaya yönəlib. Amma bilirəm ki, Şura Sudana kömək etməkdə maraqlıdır”.

Bulos “Sülh Şurası” tərəfindən qəbul edilən təşəbbüslərin BMT mexanizmləri ilə yanaşı əlavə siyasi fayda verə biləcəyini iddia edərək, iki yolun bir-birini tamamladığını vurğulayıb. “Bu, BMT-yə və ya BMT Təhlükəsizlik Şurasına heç bir şəkildə təsir göstərmir”, - deyə o qeyd edib.

O, hərtərəfli sülh planının Sudandakı vətəndaş müharibəsinə son qoymağa yönəlmiş diplomatik qrup olan ABŞ, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üzvləri tərəfindən razılaşdırıldığını da bildirib.

ABŞ dövlət katibi Marko Rubio ötən həftə Senatda keçirilən dinləmələr zamanı Şuranın BMT-nin rəhbərlik etdiyi prosesləri tamamlayacağına dair suala belə cavab verib: “Bu, BMT-nin əvəzedicisi deyil, lakin BMT Qəzza məsələsində çox az məqsədə xidmət edib”. Bu sözlər Vaşinqtonda keçirilən donor görüşündə də təkrarlanıb. Həmin görüşdə bildirilib ki, ABŞ bu ayın sonlarında başlayacaq müsəlmanların Ramazan ayından əvvəl humanitar atəşkəsin təmin edilməsi məqsədilə yenilənmiş səylər fonunda Sudan üçün 1,5 milyard dollara qədər yeni öhdəliklər səfərbər etməyə çalışır.

Seçilən
12
1
azertag.az

2Mənbələr