AZ

Enerji gücü və süni intellekt: Azərbaycan güc balansını dəyişir

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Prezident İlham Əliyev tərəfindən Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının təsdiqlənməsi ölkənin inkişaf modelində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd təkcə texnoloji modernləşmə planı deyil, eyni zamanda Azərbaycanın qlobal rəqabət mühitində öz yerini qorumaq və möhkəmləndirmək üçün seçdiyi strateji yol xəritəsidir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi “Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” fikri dövlətin bu sahəyə yanaşmasının fəlsəfəsini aydın şəkildə ifadə edir. Bir onillik əvvəl akademik və futuristik müzakirə mövzusu olan süni intellekt bu gün iqtisadiyyatın, dövlət idarəçiliyinin, təhlükəsizliyin və sənayenin əsas hərəkətverici qüvvəsinə çevrilib.

Məhz bu reallıq fonunda Azərbaycan süni intellekti iqtisadi artımın yeni mühərriki, rəqəmsal dövlət quruculuğunun əsas aləti, regional texnoloji liderliyə aparan vasitə kimi görür”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

 Onun sözlərinə görə, süni intellektin inkişaf strategiyası istiqamətində  yürütdüyü davamlı siyasət uğurla davam etməkdədir.

“Davosda “Dell Technologies” rəhbərliyi ilə aparılan danışıqlar Azərbaycanın süni intellekt sahəsində fiziki və texnoloji infrastruktur quruculuğuna başladığını göstərir. Superkompüter mərkəzləri, böyük data mərkəzləri və hesablama gücü olmadan müasir süni intellekt ekosistemi mümkün deyil.

Bu məqamda Elon Maskın Davosda səsləndirdiyi açıq etiraf xüsusi əhəmiyyət kəsb edir: “Süni intellekt dövrünü qazananlar, elektriki ən bol və ən ucuz istehsal edənlər olacaq”.

Bu fikir Azərbaycanın strateji üstünlüyünü açıq şəkildə ortaya qoyur”, - o qeyd edib.

Deputat  deyib ki, Azərbaycan regionun enerji baxımından ən təminatlı ölkələrindən biridir, enerji infrastrukturuna uzun illərdir milyardlarla dollar sərmayə yatırır, yaşıl enerji və bərpaolunan mənbələrə keçidi paralel şəkildə həyata keçirir.

“Bu isə o deməkdir ki, enerji–süni intellekt əlaqəsi kontekstində Azərbaycan yalnız istehlakçı deyil, həm də istehsalçı və ixracatçı mövqeyinə yüksələ bilər”, - o vurğulayıb.

Deputat əmindir ki, İsrail–Azərbaycan süni intellekt  tərəfdaşlığı bu baxımdan mühüm əhəmiyyət kəsb edir:

“Qüdsdə İsrail ilə imzalanan süni intellekt üzrə Anlaşma Memorandumu Prezident İlham Əliyevin texnoloji diplomatiyasının praktik nəticəsidir. İsrail süni intellekt, kibertexnologiyalar və innovasiya sahəsində qlobal liderlərdən biridir. Azərbaycan isə maliyyə, enerji və regional təsir imkanları ilə bu əməkdaşlığı tamamlayır.

Bu tərəfdaşlıq superkompüter infrastrukturu, mülki sektorlarda Sİ tətbiqləri, insan kapitalının inkişafı, birgə tədqiqat proqramları üzərində qurulub.

Baş nazir Benyamin Netanyahunun “Süni intellekt bu günün alətidir” ifadəsi göstərir ki, bu əməkdaşlıq gələcəyə yox, indiki zamana hesablanmış strateji addımdır. Bu baxımdan  süni intellekti Azərbaycan- İsrail münasibətlərinin yeni əsas sütunu hesab edə bilərik.

Azərbaycan–İsrail münasibətləri artıq təkcə enerji və təhlükəsizlik müstəvisində deyil, yüksək texnologiyalar və innovasiya sahəsində də strateji xarakter alır. Xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında keçirilən görüşlərdə də bu xətt açıq şəkildə vurğulanıb.

Enerji, müdafiə, tibb, yaşıl texnologiyalar və Sİ sahələrində əməkdaşlıq iki ölkə arasında münasibətləri klassik diplomatiyadan strateji sinerji modelinə keçirir.

Azərbaycanın süni intellekt strategiyası göstərir ki, ölkə qlobal texnoloji yarışa gec qoşulmur, enerji üstünlüyünü rəqəmsal gücə çevirməyi hədəfləyir, süni intellekti milli təhlükəsizlik və iqtisadi inkişaf aləti kimi görür.

Əgər bu strategiya ardıcıl icra olunarsa, Azərbaycan yaxın illərdə təkcə regionda deyil, daha geniş coğrafiyada süni intellekt ekosisteminə sahib ölkələr sırasında yer ala bilər. Bu isə artıq texnologiya deyil, geosiyasi güc deməkdir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
olke.az

2Mənbələr