AZ

Azərbaycan sülhə çağırır: Bakının Tehran gərginliyində vasitəçi missiyası

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son günlər Bakı-Tehran xəttində diplomatik təmasların intensivləşməsi regionda təhlükəsizlik risklərinin real həddə çatdığını göstərir.

Prezident İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana zəng edərək yaranmış gərginlikdən narahatlığını ifadə etməsi və vasitəçilik təklifi irəli sürməsi təkcə xoş niyyət jesti deyil. Bu addım Bakının bölgədə mümkün hərbi ssenariləri ciddi təhlükə kimi dəyərləndirdiyini və proseslərə kənardan baxmaq niyyətində olmadığını ortaya qoyur. İran ətrafında hərbi risklərin artması Azərbaycan üçün abstrakt təhlükə deyil, birbaşa milli təhlükəsizlik məsələsidir.

Azərbaycanın marağı sadə və aydındır: regionda müharibənin qarşısını almaq. İranla bağlı istənilən genişmiqyaslı hərbi qarşıdurma Cənubi Qafqazda siyasi sabitliyi sarsıda, iqtisadi və enerji layihələrinə zərbə vura, humanitar risklər yarada bilər. Bu baxımdan Bakı gərginliyin azaldılmasında obyektiv maraqlıdır və bu maraq ritorik yox, praktik xarakter daşıyır. Azərbaycanın həm Qərb, həm region ölkələri, həm də İranla işlək diplomatik kanallara malik olması onu potensial vasitəçi kimi fərqləndirir.

Digər tərəfdən, Tehran daxilində müəyyən dairələrin Azərbaycanı mümkün müharibənin bir hissəsi kimi təqdim etmək cəhdləri diqqətdən yayınmır. Xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçı ilə danışığında Azərbaycanın “platforma” olmayacağını açıq şəkildə vurğulaması təsadüfi deyil. Bu bəyanat İran mediasında və mühafizəkar çevrələrdə dolaşan ittihamların qarşısını almaq üçün qabaqlayıcı diplomatik addımdır. Bakı açıq mesaj verir: Azərbaycan nə bu münaqişənin tərəfidir, nə də kiminsə müharibə coğrafiyasını genişləndirmək planında yer alır.

İran daxilində Azərbaycana yönəlik ritorikanın başqa bir məqsədi də var. Bu, daxili auditoriya üçün “xarici təhlükə” obrazı yaratmaqla ictimai narazılığı nəzarətdə saxlamaq cəhdidir. Xüsusilə gərginlik artdıqca və rejim üzərində beynəlxalq təzyiq gücləndikcə, diqqətin ölkə daxilindəki problemlərdən yayındırılması ehtiyacı artır. Azərbaycan bu kontekstdə həm yaxın, həm də siyasi baxımdan manipulyasiya üçün əlverişli hədəf kimi seçilir.

Enerji infrastrukturu ilə bağlı səsləndirilən təhdidlər isə ritorikanın daha təhlükəli mərhələyə keçdiyini göstərir. Bu cür açıqlamalar təkcə Bakıya yox, Avropaya, beynəlxalq enerji bazarlarına və regiondakı investor dövlətlərə ünvanlanmış mesajdır. İran bu yolla demək istəyir ki, mümkün müharibə yalnız öz sərhədləri ilə məhdudlaşmayacaq. Ancaq bu yanaşma Tehranı daha da təcrid edir və onun arqumentlərini zəiflədir.

Mövcud mənzərədə Azərbaycanın mövqeyi rasional və ölçülüdür. Bakı nə emosional reaksiyaya gedir, nə də təhdid dilinə cavab verir. Əksinə, diplomatik kanalları açıq saxlayaraq həm region ölkələrinə, həm də qlobal aktorlara məsuliyyətli davranış nümunəsi təqdim edir. İranı müharibəyə cəlb etmək deyil, müharibədən uzaq saxlamaq Azərbaycanın əsas xəttidir. Və bu xətt dəyişməz qalır.

Züriyə Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr