ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 fevral, Anara Axundova, AZƏRTAC
2026-cı il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunacaq.
Bu münasibətlə AZƏRTAC dünyanın müxtəlif ölkələrindən olan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə apardığı söhbətlər silsiləsini təqdim edir.
Rəssam Nani Boronat (İspaniya) Qara Qarayevin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşüb:
“Qara Qarayevin prelüdlərini eşitdiyim ilk anlarda onun musiqisinin diqqətəlayiq bir keyfiyyətə malik olduğunu anladım. Bu musiqi təsviri sənətə işıq salır və mənə rəsm əsərlərini daha dərindən görməyə kömək edir. Xüsusilə, onun prelüdləri mənə həmyerlim Joan Mironun yaradıcılığını, eləcə də Vasili Kandinskinin əsərlərini xatırladır. Bir sənətkar olaraq hesab edirəm ki, Qarayevin musiqisi dərindən ilhamverici və son dərəcə cəlbedicidir. Bu musiqidə ölkəmin folklor irsi olan flamenkonun müəyyən intonasiyaları ilə qarışıq incə bir aromat hiss edirəm.
Gəncliyimdə böyük musiqi həvəskarı olan atamın sayəsində Qarayevin əsərləri ilə tanış oldum. Həmçinin mənə maraqlı bir mədəni dünya açan Azərbaycan pianoçusu Ülviyyə Abdullayeva ilə də işləyirəm. Ölkələrimiz arasındakı coğrafi məsafəyə baxmayaraq, xalqların mənəvi ənənələrində bir çox ortaq tellər hiss edirəm: Əndəlüs flamenkosunun dərin emosionallığı Azərbaycan muğamı ilə sıx bağlılığa malikdir.
Bir rəssam kimi, Azərbaycan xalçaçılıq sənətində təcəssüm olunan simvolizm və həndəsi naxışlar məni daha çox cəlb edir. Onlarda İspaniya Müdejar sənətinin elementlərinin əks-sədasını tapıram. Bu yaxınlıq Ülviyə ilə birgə layihəmizə - köklərimizi musiqi və dekorativ sənət vasitəsilə birləşdirdiyimiz “Əlhambradan Şirvanşaha” adlı sərgi və konsertə səbəb oldu. Mədəniyyətlərin dialoqunda Qara Qarayev obrazı mərkəzi yer tutur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.