Fevralın 3-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 100, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 35 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 11 tüfəng və 4 patron darağı aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər də saxlanılıb.