ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“X” sosial şəbəkəsinin sahibi İlon Mask İspaniya hökumətinin 16 yaşdan aşağı yeniyetmələr üçün sosial mediaya qadağa planını sərt tənqid edib və ölkənin baş naziri Pedro Sançesi “tiran” adlandırıb.
Bizimyol.info xəbər verir ki, İspaniya hökuməti uşaqları “rəqəmsal vəhşi qərbdən” qorumaq məqsədilə sosial şəbəkələrdən istifadəni məhdudlaşdıran bir sıra tədbirlər üzərində çalışır. Baş nazir Pedro Sançes bildirib ki, sosial media “qanunların işləmədiyi və cinayətlərin görməzdən gelindiyi” bir məkana çevrilib və texnoloji şirkətlər nifrət və zərərli məzmuna görə məsuliyyət daşımalıdır.
“Uşaqlarımız heç vaxt təkbaşına gəzmələri nəzərdə tutulmayan bir məkana məruz qalırlar... Artıq bunu qəbul etməyəcəyik. Biz onları rəqəmsal vəhşi qərbdən qoruyacağıq”, - deyə Sançez Dubayda keçirilən Dünya Hökumətləri Zirvəsində bildirib.
Sançes Maskı da tənqid edərək, onun “X” platformasında hökumətin miqrantlarla bağlı qərarları ətrafında dezinformasiyanı yaydığını bildirib və Maskın özünün də miqrant olduğunu xatırladıb.
Buna cavab olaraq İlon Mask “X”də paylaşım edərək, “Çirkli Sançes İspaniya xalqına xəyanət edən tirandır” yazıb, daha sonra isə onu “əsl faşist totalitar” adlandırıb.
Bu arada Yunanıstanın da 15 yaşdan aşağı uşaqlar üçün oxşar qadağa elan etməyə hazırlaşdığı bildirilir. İspaniya və Yunanıstan Böyük Britaniya və Fransa kimi ölkələrlə birlikdə sosial mediaya qarşı daha sərt mövqe tutmağa hazırlaşır. Avstraliya isə ötən ilin dekabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya girişi qadağan edən ilk ölkə olub.
Qeyd edək ki, İspaniyada aparılan sorğuya əsasən, əhalinin 82 faizi 14 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını dəstəkləyir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.