AZ

Xəzər “yaşıl enerji” dəhlizi yeni regional əməkdaşlıq ünvanıdır

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” dəhlizi üzrə formalaşan əməkdaşlıq regionun enerji və geoiqtisadi xəritəsində yeni mərhələnin əsasını qoyur. Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən bu təşəbbüs bərpa olunan enerji mənbələrinin istehsalı, ötürülməsi və Avropa bazarlarına çıxışı baxımından strateji əhəmiyyət daşıyır.

Son illər qlobal enerji keçidi və iqlim gündəliyi fonunda Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji” sahəsində potensiallarını birləşdirməklə regional sinerji yaratmağa yönəliblər. Layihənin əsas ideyası Qazaxıstan və Özbəkistanda istehsal olunan günəş və külək enerjisinin Xəzər dənizi üzərindən ötürülərək Azərbaycanın enerji sisteminə inteqrasiya edilməsi və buradan Avropaya nəqlidir.

Bu kontekstdə Azərbaycan “yaşıl enerji” dəhlizində tranzit və koordinasiya mərkəzi kimi çıxış edir. Ölkənin mövcud enerji infrastrukturu, regional nəqliyyat və ötürücü xətlərdə təcrübəsi layihənin praktik icrası üçün mühüm üstünlüklər yaradır. Qazaxıstan geniş külək resursları ilə, Özbəkistan isə yüksək günəş potensialı və sürətlə inkişaf edən bərpa olunan enerji layihələri ilə dəhlizin istehsal bazasını formalaşdırır.

Mütəxəssislərin fikrincə, Xəzər dənizi üzərindən çəkilməsi nəzərdə tutulan yüksək gərginlikli elektrik xətləri Mərkəzi Asiya ölkələrinin ilk dəfə olaraq birbaşa Avropa enerji bazarına çıxışını təmin edə bilər. Bu isə həm enerji ixracının coğrafiyasını genişləndirir, həm də Avropanın təmiz enerji mənbələrinə çıxış imkanlarını artırır.

Layihənin maliyyələşdirilməsi və texniki əsaslandırılması beynəlxalq maliyyə institutlarının iştirakı ilə həyata keçirilir. Bu yanaşma risklərin bölüşdürülməsinə, layihənin uzunmüddətli dayanıqlığının təmin edilməsinə və özəl investisiyaların cəlb olunmasına imkan yaradır.

Qeyd edək ki, bugünlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, “CESI S.p.A” şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpaolunan enerji potensialının araşdırılmasında 3 ölkənin, beynəlxalq qurumların və məsləhətçi şirkətlərin ortaq səylərinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələr arasındakı enerji bağlantılarını gücləndirməklə strateji əməkdaşlığı daha da dərinləşdirəcək.

Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadinov tədqiqatdan yüksək nəticələr gözlədiklərini qeyd edərək, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerji inteqrasiyası və aşağı karbonlu keçid üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

İclasda məsləhətçi şirkət “CESI S.p.A”, eləcə də tərəfdaşları Türkiyənin “EPRA” və Böyük Britaniyanın “JURU” şirkətləri tərəfindən birgə həyata keçiriləcək layihənin texniki-iqtisadi əsaslandırmasının başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlər və müvafiq missiyanın təşkili ilə bağlı müzakirələr aparılıb. Növbəti addımlar razılaşdırılıb.

Məlumat üçün bildirək ki, layihənin icrası məqsədilə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında “Yaşıl Dəhliz Alyansı” - Birgə Müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın “CESI S.p.A” şirkəti beynəlxalq tenderdə qalib elan olunub. Texniki‑iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçiriləcəkdir.

Yeri gəlmişkən, İtaliyanın “CESI S.p.A” şirkəti Transxəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına başlayıb. Bunu "Yaşıl Enerji Dəhlizi" Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib. Onun sözlərinə görə, ötən ilin son ayında CESI "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi tərəfdaş seçilib, 2026-cı ilin yanvarında isə şirkətin mütəxəssisləri işə başlayıblar.

Baş direktor qeyd edib ki, TİƏ Mərkəzi Asiya ölkələrindən Avropaya "yaşıl enerji"nin nəqli üzrə texniki, ekoloji və maliyyə əsaslandırmasını, həmçinin layihənin həyata keçirilməsi üçün lazımi resursların qiymətləndirilməsini əhatə edir.

Bundan başqa, qarşıya qoyulan vəzifələrə Xəzər dənizinin günəş enerjisi potensialından və külək enerjisi resurslarından istifadə də daxil olmaqla, 2040-cı ilə qədər Özbəkistan, Qazaxıstan və Azərbaycanın bərpaolunan enerji mənbələrinin ixracı üzrə baş planın və strategiyanın hazırlanması daxildir. Eyni zamanda, şəbəkə infrastrukturundakı fərqlər və mümkün ekoloji təsirlər nəzərə alınmaqla milli enerji sistemlərinin inteqrasiyasının texniki əsaslandırmasının hazırlanması planlaşdırılıb.

2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə “Xəzər yaşıl enerji dəhlizi” təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəliblər. Tərəflər 3 ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpaolunan enerji tədarükü marşrutunun formalaşdırılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.

Musa BAĞIRLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
10
xalqqazeti.az

10Mənbələr