Sumqayıt Apellyasiya Məhkəməsində işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada təqsirləndirilən Zaman Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə görə, təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2025-ci il tarixə çəkilməmiş 2 il 4 ay hissəsi 6 ay azaldılıb və həmin tarixə onun çəkilməmiş cəzası 1 il 10 ay müəyyən edilib.
İttihama görə, Zaman Tağıyev Abşeron rayonu Güzdək qəsəbəsi ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdə və ətraf mühitə ziyan vurmaqda təqsirli bilinərək məhkum edilib.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə faydalı qazıntı hesab edilən əhəngdaşının qazılıb çıxarılması və ondan tikinti materialı olan mişar daşının istehsalı məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu məqsədlə o, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxs kimi dövlət qeydiyyatına alınıb. Lakin bundan sonra Zaman Tağıyev qanunun müvafiq tələblərinə əməl etməyib. Belə ki, o, “Dağ-mədən ayırması aktı” və torpaq ayırma sənədləri olmadan, 2024-cü ilin iyun ayından avqust ayınadək “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətinə məxsus sənaye təyinatlı ümumilikdə 4 000 kvadratmetr torpaq sahəsini qanunsuz olaraq özbaşına tutub.
Araşdırmalarla müəyyən olunub ki, Zaman Tağıyev həmin ərazidə özünə məxsus kombayn və şırımaçan avadanlıqlar yerləşdirərək, orta hesabla 0,4 metr istismar dərinliyində kəsmə üsulu ilə qanunsuz qazıntı və istismar işləri aparıb. Nəticədə o, istismar itkiləri nəzərə alınmaqla ümumilikdə 8 000 kubmetr həcmində faydalı qazıntı sayılan əhəngdaşını yerin təkindən çıxararaq gəlir əldə etməyə çalışıb.
Qeyd olunan qanunsuz fəaliyyət nəticəsində dövlətə və ətraf mühitə ümumilikdə 19 600 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə, torpaqların rekultivasiyası və yerin təkindən istifadəyə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə qəsdən əməl etməyib. Onun özbaşına tutduğu ərazidə sənaye istismarı aparması ağır nəticələrə səbəb olub və ekoloji tarazlığa ciddi zərər vurub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Zaman Tağıyev cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov