AZ

Avropa Birliyi qaz təchizatında qaydaları sərtləşdirir – Bu, Azərbaycana nə vəd edir?

“Avropa Birliyinin Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə təsdiqləməklə bağlı tələbi AB-nin enerji təhlükəsizliyi və Rusiya mənşəli qaz embarqosunun effektiv tətbiqi üçün nəzərdə tutulub. Reqlamentə görə, mənşəyin təsdiqi, qazın AB ərazisinə daxil olmamışdan əvvəl, sərhəd məntəqələrində həyata keçiriləcək, məqsəd isə qlobal bazarlarda dolayısı yolla Rusiya qazının satılmasının qarşısını almaqdır. Azərbaycan üçün bu yeni mexanizm həm strateji imkanlar, həm də əlavə məsuliyyətlər yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Xaricdən

Onun sözlərinə görə, AB üçün Azərbaycan qazı, Rusiya mənşəli qazın alternativi kimi böyük əhəmiyyət kəsb edir: “EU/261/2026 reqlamenti bu qazın şəffaf və qanuni tədarükçü kimi mövqeyini gücləndirir. Bununla yanaşı, yeni qayda Azərbaycan qazının mənşəyinin sənədlərlə təsdiqlənməsini tələb edir, bu da əlavə sənədləşmə prosedurları və sərhəd yoxlamaları deməkdir. Ticarət əməliyyatlarının sürəti və tranzit prosesi bir qədər yavaşlaya bilər, amma bu, Avropa bazarında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək. Bununla yanaşı, bir sıra praktiki problemlər də mövcuddur. Sənədləşmə yükü böyük həcmli tədarüklər üçün logistika çətinlikləri yarada bilər. Qaz Türkiyə vasitəsilə tranzit edildiyi üçün AB tərəfindən tələb olunan sənədlərin Türkiyə sərhədində də tanınması və yoxlanılması vacibdir. Uyğunsuzluq halları tranzitdə gecikmələrə və əlavə xərclərə səbəb ola bilər. Bu, həm də qiymətə təsir edə və ticarət rəqabətliliyini bir qədər azalda bilər. Azərbaycan-Türkiyə koordinasiyası burada strateji əhəmiyyət daşıyacaq deyə bilərik”.

 

R. Bayramov bildirib ki, beynəlxalq hüquq baxımından AB-nin bu qərarı qanuni və legitimdir: “Avropa Birliyi öz suveren enerji siyasəti çərçivəsində ticarətə daxil olan məhsulların mənşəyini tənzimləmək hüququna malikdir. Azərbaycan-AB enerji ticarəti çərçivəsində bu reqlament AB qanunvericiliyi kimi tətbiq olunur və Azərbaycan onun tələblərinə riayət etməklə bazara çıxışını itkisiz davam etdirə bilər. Qayda yalnız Rusiya mənşəli qazın qarşısını almağa yönəlmişdirsə və digər ölkələrə eyni tələblər bərabər tətbiq edilirsə, bu, beynəlxalq hüquqa uyğun hesab olunur və diskriminasiya elementi daşımır. Strateji baxımdan, Azərbaycan üçün əsas prioritet sənədləşmə və mənşəyin təsdiq mexanizmini operativ qurmaqdır. Bu təmin olunarsa o zaman tranzit sürəti də qorunmuş olacaq və AB bazarında etibarlılıq da təmin ediləcək. Türkiyə ilə sıx koordinasiya və sərhəd prosedurlarının vahid standartlara salınması gecikmələrin qarşısını alacaq. Uzunmüddətli perspektivdə bu reqlament Azərbaycanın AB bazarında etibarlı və strateji tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, siyasi riskləri də azaldacaq. Odur ki, EU/261/2026 reqlamenti Azərbaycan üçün həm strateji imkan, həm də logistik və inzibati məsuliyyət deməkdir”.

 

Qeyd: AB-nin yeni EU/261/2026 reqlamentinə əsasən, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə sübut etmək məcburiyyəti tətbiq olunur. Məqsəd Rusiya qazına qarşı tətbiq edilən embarqonun dolayı yollarla aşılmasının qarşısını tam almaqdır.

 

Şəhanə Quliyeva

Tarix: 4 Fevral 2026, 08:16   
Seçilən
11
pravda.az

1Mənbələr