BAKI, 4 fevral. TELEQRAF
Kənd təsərrüfatında süni zəka texnologiyalarının tətbiqi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "AzTV"yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, süni zəka layihəsi çərçivəsində 30-a yaxın modul üzərində iş aparılır. Onlardan artıq 8-9-u test mərhələsindədir.
O bildirib ki, bu modullara torpaq xəritəsi, bitki xəritəsi, bitki sağlamlığı xəritəsi, fermer reytinqi, məhsuldarlığın proqnozlaşdırılması, dərmanların optimal tətbiqi, örüş və otlaqların idarə edilməsi daxildir.
Nazir qeyd edib ki, layihənin əsas məqsədi sahələrdən toplanan məlumatların peyk, dronlar və müxtəlif texniki vasitələr vasitəsilə əldə edilərək süni zəka əsasında emal olunmasıdır. Emal zamanı mövcud vəziyyət, iqlim və torpaq şəraiti, həmçinin tarixi məlumatlar nəzərə alınacaq və nəticədə fermerlərə daha dəqiq və operativ məlumatlar təqdim ediləcək.