AZ

Budapeştdə “Praqa sindromu” – Əhali azalır

Budapeşt, 4 fevral, AZƏRTAC

Budapeştin mərkəzində yerləşən Belvaroş–Lipotvaroş (V rayon) qısamüddətli mənzil kirayəsi ilə bağlı sərt addımlar ata bilər.

AZƏRTAC xəbər verir ki, rayon bələdiyyəsinin sifarişi ilə hazırlanmış 85 səhifəlik yeni araşdırmada ərazidə “Praqa sindromu”nun əlamətlərinin müşahidə edildiyi bildirilir. Sənədə görə, turizmin sürətli artımı yaşayış funksiyasını sıxışdırır, daimi əhali azalır, tarixi irs isə risk altına düşür.

Araşdırma göstərir ki, 2010–2025-ci illər arasında rayonda hotellərin sayı 9-dan 48-ə yüksəlib, gecələmə yerlərinin sayı isə təxminən 12 minə çatıb. “Airbnb” tipli yüzlərlə obyekt də bu artımı gücləndirib. Nəticədə 2025-ci ildə üç milyonadək turistin gecələməsi gözlənilir. Eyni dövrdə daimi əhali səkkiz faizdən çox azalıb.

Sənəddə vurğulanır ki, məqsəd turizmi ləğv etmək deyil, onu nəzarətdə saxlamaqdır. Təklif olunan zonalaşdırma sistemi ilə bəzi ərazilərdə yeni qısamüddətli kirayələrin qadağan edilməsi, digərlərində isə ciddi nəzarət mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu yanaşma ilə yerli sakinlərin həyat keyfiyyətinin qorunması hədəflənir.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
23
3
azertag.az

4Mənbələr