Analitiklər Rusiyanın iri həcmdə xam neft üçün alternativ bazar tapmaq imkanlarının məhdud olduğunu bildirirlər...
Hindistanın Rusiya neftinin alışını dayandırması Moskva üçün ciddi problemlər yarada və bu qədər böyük həcmdə xam neftə yeni alıcılar tapmağı xeyli çətinləşdirə bilər.
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal DNB bankının analitiklərinə istinadla yazır.
Məlumata görə, ABŞ son günlərdə Hindistanla ticarət danışıqları çərçivəsində rüsumları azaltmağa razılıq verib. Belə ki, Vaşinqton Hindistandan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 18 faizə endirməyə hazır olduğunu bildirib. Əvəzində isə Nyu-Delhidən Rusiya neftinin alışını dayandırması tələb olunub. Bu razılaşma Rusiya neftinin gələcək ixrac perspektivləri ilə bağlı sualları daha da artırıb.
Kpler analitik platformasının məlumatına əsasən, təkcə dekabr ayında Hindistan Rusiyadan gündəlik orta hesabla 1,36 milyon barel neft idxal edib. Bu həcm Hindistanı Rusiya neftinin əsas alıcılarından birinə çevirib və mümkün imtina Moskvanın ixrac balansına ciddi zərbə vura bilər.
DNB analitikləri qeyd edirlər ki, mövcud şəraitdə Rusiya üçün faktiki olaraq yeganə real alternativ bazar Çin hesab olunur. Lakin vurğulanır ki, Çin artıq dəniz yolu ilə Rusiya neftinin idxalında rekord həddə çatıb və əlavə böyük həcmləri qəbul etmək imkanları məhduddur.
Analitiklərin fikrincə, Rusiyanın alıcı cəlb etmək üçün neftini Brent markalı neftlə müqayisədə təxminən 20 dollar endirimlə təklif etməsi də vəziyyətin nə qədər çətin olduğunu göstərir. Bu, sanksiyaların sərtləşdiyi bir şəraitdə alıcı marağının zəiflədiyini və Moskvanın ixracını qorumaq üçün ciddi qiymət güzəştlərinə getməyə məcbur qaldığını göstərən mühüm siqnal kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, Hindistanın mümkün imtinası yalnız Rusiyanın büdcə gəlirlərinə deyil, həm də qlobal neft bazarındakı tarazlığa təsir göstərə, qiymətlərin və ticarət marşrutlarının yenidən formalaşmasına səbəb ola bilər.
Poliqon.info