AZ

ABŞ İraqı neft gəlirlərinin məhdudlaşdırılması ilə hədələyib

Vaşinqton Nuri əl-Malikinin baş nazir təyin olunacağı halda sərt addımlar atacağı ilə hədələyib...

ABŞ ilə İraqın siyasi qüvvələri arasında ölkənin növbəti baş nazirinin kim olacağı ilə bağlı qarşıdurma kəskinləşir və bu proses OPEK-in əsas üzvlərindən biri olan İraqın daxili sabitliyinə ciddi təhdid yarada bilər.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ rəsmiləri iraqlı məmurlara bildiriblər ki, əgər Nuri əl-Maliki yenidən baş nazir postuna təyin olunarsa, Vaşinqton İraqın neft ixracından əldə etdiyi gəlirlərə çıxışını məhdudlaşdıra bilər. ABŞ-nin bu mövqeyi əl-Malikinin İrana yaxın fiqur kimi qiymətləndirilməsi ilə əsaslandırılır.

Qeyd olunur ki, 2003-cü ildə ABŞ İraqın neft gəlirlərinin toplanması və ölkənin bərpasının maliyyələşdirilməsi məqsədilə Nyu-York Federal Ehtiyat Bankında İraqın İnkişaf Fondunu yaradıb. Hazırda İraq neftinin ixracından əldə olunan vəsaitlər Nyu-York Federal Ehtiyat Bankında İraq Maliyyə Nazirliyinin adına açılmış, Mərkəzi Bank tərəfindən idarə olunan hesaba köçürülür.

Həmin vəsaitlər İraq hökuməti tərəfindən əsasən cari büdcə xərclərinin, o cümlədən maaşların ödənilməsi və dövlət sektorunun maliyyələşdirilməsi üçün istifadə olunur. Bloomberg yazır ki, ABŞ-nin bu mexanizm üzərində nəzarət imkanları Vaşinqtona Bağdad üzərində ciddi maliyyə təsir rıçaqları verir və siyasi proseslərə dolayı yolla müdaxilə imkanı yaradır.

Analitiklərin fikrincə, mümkün məhdudiyyətlər İraq iqtisadiyyatı üçün ağır nəticələr doğura, həm daxili siyasi balansı poza, həm də qlobal neft bazarlarında əlavə gərginlik yarada bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr