“İnternational Medical Centre-Bakı” və tanınmış cərrah Mübariz Məmmədliyə qarşı sağlamlığa vurulmuş ziyana görə təzminat tələbi ilə məhkəmə iddiası qaldırılıb.
NOCOMMENT.az xəbər verir ki, zərərçəkmiş şəxs qismində Zöhrə Məmmədova tanınıb.
O, iddiasına sağlamlığına vurulmuş zərərə görə, qarşı tərəfdən 24700 manat təzminat tələb edib.
İddia tələbi onunla əsaslandırılıb ki, Zöhrə Məmmədova 2024-cü ildə “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da üz gərmə və hər iki süd vəzisinin kiçildilməsi əməliyyatı keçirib. Əməliyyat plastik, estetik və rekonstruktiv cərrah Mübariz Məmmədli tərəfindən icra olunub. Əməliyyatdan bir neçə gün əvvəl həkim qüsurların tam aradan qaldırılacağına təminat verib və əməliyyat xərci kimi 13000 manat pul nağd olaraq ona ödənilib.
Bu məbləğə görə iddiaçıya kassa sənədi verilməyib. Z.Məmmədovanın iddiasına görə, ona sadəcə, ilkin müayinə xərcinə görə 200 manatın mədaxil qəbzi təqdim olunub.
İddiaçı əməliyyatdan sonra sarğıları açılan zaman üz-göz və sinə nahiyəsində aşkar qüsurların olduğunu görüb. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı təyin olunmuş ekspertiza rəyində göstərilir ki, cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün aparılmayıb. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriyanın olduğu müəyyən edilib.
Cərrahiyə əməliyyatının taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar əsasən sağ üz siniri parsiyal, aksonal zədələnib və süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriya yaranıb. Bununla da səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Tibb müəssisələrində çalışan tibb, əcaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvə vəzifə təlimatları”nın 24.1 bəndinin tələbləri pozulub. Buna məsul şəxs əməliyyatı icra edən həkimdir.
Məhkəmə Z.Məmmədovanın iddiasını qismən təmin edib. Qəbul edilən qətnaməyə əsasən, Mübariz Məmmədlidən tibbi xidmətlərə görə ödənilmiş 13000 manat, mənəvi ziyana görə isə 2000 manat alınaraq zərərçəkmişə ödəniləcək. /Teleqraf/