AZ

"X"in Parisdəki ofislərində axtarış aparıldı

"X"in Parisdəki ofislərində axtarış aparıldı

Fransada jandarmanının ABŞ mərkəzli "X" şirkətinin paytaxt Parisdəki ofislərində axtarış apardığı bildirilib.

Paris Prokurorluğunun "X" sosial media platformasındakı rəsmi hesabından verilən açıqlamaya görə, prokurorluğun göstərişi ilə jandarmanının kiberçinayətkarlıqla mübarizə bölməsi "Europol" ilə birlikdə şirkətin Fransadakı ofislərində axtarış həyata keçirib. Sözügedən axtarışın 2025-ci ilin yanvarında başladılan bir təhqiqat çərçivəsində icra edildiyi qeyd olunub.

Paris Prokurorluğu həmçinin "X" sosial media platformasında istifadəni dayandırdığını elan edib. Fransanın "Le Monde" qəzetinin xəbərinə görə, axtarışlar şirkətin paytaxt Parisdə yerləşən ofislərində baş tutub.

İlon Mask ifadə verməyə çağırıldı

Paris Prokurorluğu təhqiqata səbəb olan hadisələr zamanı rəhbər vəzifədə olan Linda Yakkarino və "X" platformasının sahibi, həmçinin "Tesla"nın baş direktoru (CEO) İlon Maskı 20 aprel tarixində Parisdə ifadə verməyə çağırıb.

Prokurorluq bildirib ki, platformaya inteqrasiya olunmuş "Grok" süni intellekt alətinin yəhudi soyqırımını inkar edən məlumatlar və "deepfake" (saxta) məzmunlar yayması ilə bağlı daxil olan müxtəlif şikayətlərdən sonra təhqiqatın dairəsi genişləndirilib.

Xatırladaq ki, 2025-ci ildə "Rönesans" partiyasının millət vəkili Erik Botorel "X" platforması ilə bağlı cinayət işi üzrə şikayət etdikdən sonra Paris Prokurorluğu təhqiqata başlamışdı. Botorel platformadakı alqoritmlərdə edilən dəyişikliklər və İlon Maskın satınalmasından sonra həyata keçirilən müdahalələrlə bağlı narahatlığını ifadə etmişdi.

Seçilən
57
afn.az

1Mənbələr