
Ukrayna–Rusiya müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar qlobal enerji bazarlarında təkcə risklər deyil, eyni zamanda yeni imkanlar da formalaşdırdı. Bu imkanlardan ən çox faydalanan ölkələrdən biri Çin oldu.
Qlobal enerji təchizatı və tədarükü üzrə ekspert Şəhanə Musayeva-Mustafayeva bildirir ki, Avropa bazarının faktiki olaraq bağlanması Rusiya üçün enerji ixracında ciddi məhdudiyyətlər yaratsa da, Çin üçün xammala daha aşağı qiymətlə çıxış imkanı açdı:
“Sanksiyalar Rusiyanın bazar seçimlərini daraltdı. Çin isə bu şəraitdə daha güclü alıcı mövqeyi qazanaraq enerji resurslarını endirimli qiymətlərlə əldə etməyə başladı”.
Müharibədən sonra Rusiya nefti beynəlxalq bazarlarda əhəmiyyətli endirimlərlə satışa çıxarıldı. Çin Rusiyadan idxal etdiyi nefti orta bazar qiymətlərindən 20–30 ABŞ dolları/barel daha ucuz əldə etməyə başladı. Bu isə Çin üçün həm sənaye istehsalı, həm də daxili istehlak baxımından mühüm üstünlük yaratdı.
Nəticədə Çin Rusiyadan neft idxalını sürətlə artıraraq bəzi dövrlərdə onu əsas tədarükçülərindən birinə çevirdi. Bu artım ölkənin ümumi enerji xərclərinin azalmasına və istehsal sektorunda rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb oldu.
Qiymət üstünlükləri yalnız neftlə məhdudlaşmadı. Rusiya təbii qaz və kömür ixracında da Çin bazarına daha sərfəli şərtlər təklif etməyə başladı. Xüsusilə boru kəməri qazı üzrə bağlanan uzunmüddətli müqavilələr Çinə qiymət sabitliyi və enerji təhlükəsizliyi baxımından əlavə üstünlüklər verdi.
Ekspertin sözlərinə görə, bu proses Çinin enerji balansında Rusiyanın payını əhəmiyyətli dərəcədə artırdı:
“Çin üçün əsas qazanc təkcə ucuz enerji deyil, həm də təchizatın uzunmüddətli və proqnozlaşdırıla bilən olmasıdır”.
Geosiyasi və strateji təsirlər
Rusiya üçün Çin bazarı Avropa itkilərini qismən kompensasiya etsə də, tətbiq olunan qiymət endirimləri Moskvanın enerji gəlirlərini zəiflətdi. Çin isə bu asimmetrik münasibətlərdə daha güclü tərəf kimi çıxış edərək danışıqlarda üstün mövqe qazandı.
Bu vəziyyət qlobal enerji bazarlarında yeni geosiyasi balansın formalaşmasına gətirib çıxardı. Rusiya enerji ixracında getdikcə daha çox Asiya istiqamətinə yönəldi, Çin isə ucuz enerji hesabına inflyasiya təzyiqlərini yumşaltmaq və sənaye artımını dəstəkləmək imkanı əldə etdi.
Şəhanə Musayeva-Mustafayevanın fikrincə, formalaşan model qısamüddətli xarakter daşımır və yaxın illərdə də davam edəcək:
“Sanksiyalar nəticəsində yaranan enerji axınları qlobal bazarlarda qalıcı iz buraxır. Çin üçün bu, həm iqtisadi, həm də strateji üstünlükdür”.
Ziya ƏLƏSGƏRLİ